Ukrayna Prezidenti Volodimir Zelenski yay aylarında prezident seçkiləri keçirməyə hazırlaşır.
Turkustan.az The Economist nəşrinə istinadla yazır ki, Zelenski komandasına səsvermənin təşkilinə başlamağı tapşırıb. Bu qərar ABŞ-ın Rusiyayla Pasxaya qədər atəşkəs razılaşması əldə edilə biləcəyi ehtimalından sonra verilib.
Nəşr yazır ki, prezident seçkilərinin keçiriləcəyinə dair ilk rəsmi siqnal 5 mayadək verilə bilər. Çünki bu tarixə qədər Ukrayna Ali Radası hərbi vəziyyətin uzadılıb-uzadılmayacağına qərar verməlidir. Hazırda qüvvədə olan hərbi vəziyyət 8 mayda bitir.
Qanunvericiliyə əsasən, prezidentliyə namizədlərə azı 60 günlük təbliğat müddəti ayrılmalıdır. Bu halda seçkilər iyulun əvvəlində baş tuta bilər. Lakin bəzi mənbələr Mərkəzi Seçki Komissiyasının seçici siyahılarını bərpa etmək üçün azı 3 aya ehtiyacı olduğunu bildirir.
The Economist əlavə edir ki, hələ iki ay öncəyədək Zelenskinin seçkiyə qəti şəkildə qarşı olduğu düşünülürdü. Ancaq martın əvvəlində ABŞ Prezidenti Trampın Zelenskiyə qarşı göstərdiyi sayğısız münasibət onun reytinqini artırıb və görünür, planlarını dəyişdirib. /Musavat.com/