CHP 2018-ci ildəki prezident seçkilərində Məhərrəm İncənin İstanbulun Maltəpə meydanında keçirdiyi mitinqə 5 milyon insanın qatıldığını bəyan edərək, bunu tarixin ən böyük mitinqi adlandırmışdı. Görünür, CHP başqanı Özgür Özəl partiyasının 7 il əvvəlki açıqlamasını unudub ki, bu gün Maltəpədə keçirilən mitinqə 2,2 milyon insanın qatıldığını bildirərək, yenə də bunu tarixin ən böyük mitinqi elan edib.
Turkustan.az xəbər verir ki, bu sözləri politoloq, hazırda Türkiyədə yaşayan Ruslan Bəşirli CHP-nin bugünlü aksiyasında 2,2 milyon insanın iştirak etməsi barədə səslənən iddialara münasibətində bildirib.
O qeyd edib ki, Maltəpə meydanı, təqribi hesablamalara görə, 525 min nəfər adam tutur:
“Hələ yayılan fotolarda meydanın bəzi hissələrində seyrəklik də görünür. İstanbulun mitinqlər üçün nəzərdə tutulmuş ən böyük meydanı Yeniqapıdır. Bura ortalama 1.5 milyon, maksimum isə 2,5 milyon tutuma sahibdir. 2014-cü ildə Prezident Ərdoğan 2 milyon nəfərin iştirakı ilə bu meydanda mitinq keçirib və statistikaya görə, bu, Türkiyə siyasi tarixinin ən böyük mitinqlərindən sayılır. 2023-cü ildə isə Ərdoğanın bu meydanda rəsmi rəqəmlərə görə, 1,8 milyon insanın iştirakı ilə mitinqi olub”.
Onun sözlərinə görə, Türkiyədə mitinqlərə qatılanların sayı manipulyasiyaya zərrə qədər də yer qoymadan, dəqiq rəqəmlərlə bilinir:
“Çünki Türkiyədə mitinqə qatılanların hamısı mütləq və mütləq polis nəzarətindən keçərək meydana daxil olurlar. Burada polis nəzarətindən keçən hər adamı sayan xüsusi cihazlar mitinqçilərin sayını dəqiq müəyyən edir”.
R.Bəşirli Türkiyənin tarixi ənənələri olan bir dövlət olduğunu da vurğulayıb:
“Türkiyədə hakimiyyət mitinq meydanlarında dəyişməz. Mövcud iqtidar nə edirsə etsin, bəyənməyənlər kimi, xeyli sayda bəyənən, təqdir edən insanlar da var. Və son proseslər konteksində Ərdoğanın ənənəvi elektoratının yenə onun ətrafında birləşdiyini görürəm. Təbii, bunda Özgür bəyin də danılmaz “rolu” var!” /axar.az/