Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova paytaxt Moskvada keçirdiyi mətbuat konfransında cari məsələlərlə bağlı açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, həftənin əvvəlində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda rusiyalı və amerikalı ekspertlər arasında danışıqlar aparıldığını xatırladan Zaxarova, nəticədə ABŞ-la Rusiya və Ukraynada neft emalı zavodlarına və enerji boru kəmərlərinə hücumların dayandırılmasına dair razılığın əldə edildiyinə və Qara Dəniz Təşəbbüsünə diqqət çəkib.
"Biz ümid edirik ki, əldə olunan bütün razılaşmalar həyata keçiriləcək. Biz gözləyirik ki, ABŞ-ın dəstəyi sayəsində Rusiya kənd təsərrüfatı məhsullarının ixracına maneələr aradan qaldırılacaq və Kiyev administrasiyası enerji obyektlərinə hücumlara dair 30 günlük qadağaya əməl edəcək"-deyə, Zaxarova bildirib.
Rusiya Kənd Təsərrüfatı Bankı (Rosselxozbank) və kənd təsərrüfatı məhsullarının ticarəti ilə məşğul olan digər maliyyə qurumlarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması lazım olduğunu vurğulayan Zaxarova: "Bunlar tətbiq olunduqdan sonra Qara dənizdə təhlükəsizlik razılaşmalarının tətbiqi istiqamətində işlərə başlanılacaq. Bu səylər arasında naviqasiya təhlükəsizliyinin təmin edilməsi, güc tətbiq edilməməsi və kommersiya gəmilərinin hərbi məqsədlər üçün istifadəsinə icazə verilməməsi daxildir"-deyə, əlavə edib.
Zaxarova bəyan edib ki, bununla bağlı gəmilər yoxlanılmalı və zəmanətlər ilhaq edilmiş Krım yarımadası və Kerç boğazındakı obyektləri də əhatə etməlidir.
Aytən Yaşar/ Turkustan.az