Həbsdə olan Zəfər Partiyasının başqanı Ümit Özdağ Ankara Böyükşəhər Bələdiyyəsinin başqanı Mansur Yavaşın terror təşkilatının "bayrağı"na "paçavara" (əski parçası) deməsinə görə hücumlara məruz qalmasını qınayıb.
Turkustan.az xəbər verir ki, Mansur Yavaşın etiraz mitinqi zamanı işlətdiyi bu ifdəyə görə CHP başqanı Özgür Özəl üzr istəmişdi.
Ümit Özdağ bəyanatında bildirib ki, Mansur Yavaş söylədiyi ifadə ilə türk millətinin vicdanında həqiqəti dilə gətirib: "Bu ifadələrə görə tənqid hədəfinə çevrilməyini qəbul etmirik. Zəfər Partiyası olaraq, türk millətçiləri və Atatürkün yolunda olan bütün vətənpərvərlər olaraq açıq şəkildə bildiririk: O parça türk millətinin gözündə paçavradan başqa bir şey deyil!
Dövlətimizin müstəqilliyini, millətimizin birliyini və Cümhuriyyətimizin təməl dəyərlərini müdafiə edən hər bir vətənpərvər kimi biz də Mansur Yavaşın bu mövqeyini dəstəkləyirik. Türkiyə Cümhuriyyətinin heç bir qurumunda heç bir idarəçinin terror təşkilatlarının simvollarına hörmətlə yanaşmasını gözləmək mümkün deyil.
Terrora və separatizmə qarşı duran hər kəsin yanındayıq! Mansur Yavaşın haqlı mövqeyinə qarşı ədalətsiz reaksiyaları rədd edir, bütün vətənpərvərləri milli dəyərlərimizi qorumağa çağırırıq.
Mən türkəm deyən nə xoşbəxtdir!"