Azərbaycanlılara qarşı “kürd ssenarisi”: Pezeşkian da gəldi


İran Prezidenti Məsud Pezeşkian Urmiya gölünə gedib və gölün qurumasına qarşı tədbirlər görüldüyünü açıqlayıb. Urmiyada Tehranın idarəçiliyi ilə baş tutan “kürd separatizmi” ərəfəsində Pezeşkianın səfəri azərbaycanlılara “müsbət mesaj” kimi görünür.

Bunun fonunda İranın hüquq-mühafizə orqanları Urmiyada baş verənləri - azərbaycanlıların həbsini “İslam inqilabına qarşı sui-qəsdin qarşısı alındı” kimi təqdim edirlər. İran mediası isə baş verənləri “pantürk fitnəsi” adlandırır, hətta hadisələrin arxasında Türkiyənin olmasına dair iddialar da gözə dəyir. Və maraqlıdır ki, kürdlər də tam müdafiə olunmur, onlar arasında bəzi “etnik qarşıdurma yaratmaq” istəyənlərin olduğu irəli sürülür.

Bütün bunlar – azərbaycanlılarla kürdlərin qarşıdurması ssenarisi İranın bütün qrupları mərkəzi hakimiyyətdən asılı vəziyyətə salmaq məqsədi daşıyır. Tehran rejimi üçün ən qorxulu ssenari etnik qrupların, xüsusilə sayları çox olanların – azərbaycanlılar, kürdlər, bəluclar və ərəblərin birləşməsidir. Bu qruplar milli kimlik üzərində ziddiyyətli mövqedə olsalar da, rejimə qarşı birləşmək perspektivi hər zaman aktualdır. 2022-ci ildə başlanan hicab aksiyasında kürdlər və bəlucların birləşməsi də bunun real nümunəsi idi, hərçənd, azərbaycanlıların proseslərə müdaxilə etməməsi rejim üçün “xilas yolu” oldu. Lakin İran ətrafında daralan halqa, xüsusilə Tramp Administrasiyasının gözlənilən addımları rejimi daxildə “parçala, hökm et” siyasətini aktivləşdirməyə məcbur edib.

Urmiyada “kürd separatizmi” planına da bu kontekstdə baxmaq olar:

- Kürdüstan bölgəsində əzilən kürdlərə Güney Azərbaycanda imkanlar yaratmaqla “kompensasiya” edirlər;

- Kürd faktoru ilə bölgədə uzunmüddətli demoqrafik planlar həyata keçirilir: bu, həm də Türkiyəyə qarşı sərhəddə “demoqrafik tampon”un yaradılmasına hesablanıb;

- Etnik qrupların rejimə qarşı birləşmə perspektivinin önü kəsilir, həm də mərkəzi hakimiyyətdən asılılıq gücləndirilir.

Bu ssenari özündə risklər də daşıyır, hərçənd, İran rejiminin seçimi çox deyil. /axar.az/


MANŞET XƏBƏRLƏRİ