Alimlər əsrlərlə enerji təmin edən nüvə batareyası hazırlayıblar.
Turkustan.az xəbər verir ki, Cənubi Koreyanın Tegu Kyenbuk Elmi-Texniki İnstitutunun alimləri professor Su-İl İn rəhbərliyində, illərlə, hətta əsrlərlə enerji təmin edə bilən yeni tip nüvə batareyası hazırlayıblar.
Bu innovativ texnologiya litium-ion akkumulyatorlarını əvəz etmək üçün nəzərdə tutulub.
Belə batareyalar pilotsuz uçuş aparatları, uzaqdan zondlama sistemləri və hətta tibbi implantlar üçün ideal hesab edilir.
Batareyanın işləmə prinsipi betavoltaikaya, yəni beta-şüalanmanın elektrik enerjisinə çevrilməsinə əsaslanır.
Bunun üçün alimlər karbon-14 (radiokarbon) izotopundan istifadə ediblər. Bu izotop nüvə reaksiyalarının yan məhsulu olduğu üçün həm ucuzdur, həm də ekoloji cəhətdən təhlükəsiz sayılır.
Tədqiqatçılar batareyanın səmərəliliyini artırmaq üçün yeni texnologiyalardan istifadə ediblər:
Anod və katodda radiokarbon yerləşdirilib ki, bu da beta-şüalanmanın miqdarını artırıb və enerji itkilərini azaldıb.
Titandioksid əsaslı yarımkeçirici təbəqə və rutenium əsaslı boya istifadə olunub.
Batareyanın xüsusi kimyəvi işlənməsi enerji çevrilməsinin səmərəliliyini artırıb.
İlkin sınaqlar göstərib ki, bu texnologiya əvvəlki versiyalara nisbətən çevrilmə səmərəliliyini 0,48 %-dən 2,86 %-dək artırıb.
Qeyd edək ki, hazırda batareyanın enerji çevrilmə səmərəliliyi yüksək olmasa da, professor İn hesab edir ki, nüvə batareyalarının forması və absorberlərin optimallaşdırılması onların məhsuldarlığını əhəmiyyətli dərəcədə yüksəldə bilər.
Gələcəkdə bu batareyalar ürək stimulyatorları, kosmik texnologiyalar və digər uzunömürlü avtonom sistemlərdə istifadə edilə bilər. /cebheinfo.az/