Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısında İstanbul meriyasında aparılan korrupsiya əməliyyatları barədə danışıb.
Turkustan.az-ın xəbərinə görə, o bildirib:
“Keçənilki bələdiyyə seçkilərində arzu etmədiyimiz nəticələrlə üzləşdik. Bizim bəzi bələdiyyələri itirməyimiz Türkiyəyə ağır zərər vurub. Həmin şəhərlərdə yaşayan on minlərlə insanımız yeni merlərdən heç bir xidmət görmürlər və üstəlik, tərəfdarlarımız təhqirlərə məruz qalırlar. Bələdiyyələrə verilən hüquqlar birilərinin şəxsi tamahları və mənafeləri üçün istifadə edilir. İstanbulun bugünkü bələdiyyəsi isə əsl “adamyeyənlik”dir.
Üstəlik, bələdiyyə İstanbul xalqının ən məhrəm bilgilərini 3-5 milyona xarici agentliklərə peşkəş çəkilib. İstanbulun CHP bələdiyyələrinin etdiyi korrupsiya əməllərindən film çəkilsə, əsl Braziliya serialı çıxar. Bütün bunlar CHP-nin içindən gələn şikayətlər əsasındadır. Lakin CHP rəhbərliyi bu iddialara cavab vermək yerinə ucuz siyasətlə məşğuldur.
Bundan başqa, onlar baş verən skandalları ört-basdır etməklə məşğuldurlar. Üstəlik, korrupsiya edənlərə deyil, bu əməlləri ifşa etməyə çalışanlara hücum çəkirlər. Hətta bunların günahını mənim və partiyamın üstünə yıxmağa çalışırlar”./Musavat.com