ABŞ İran kəşfiyyatçılarına sanksiya tətbiq etdi


ABŞ Dövlət Departamenti 2007-ci ildə İranda Federal Təhqiqatlar Bürosunun ( FTB ) keçmiş əməkdaşı Robert Levinsonun "oğurlanması, saxlanması və mümkün ölümündə iştirakına" görə İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin üç məmurunu sanksiyalar siyahısına əlavə etdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, dövlət Departamentinin sözçüsü Tammy Bruce sözügedən sanksiyalarla bağlı yazılı açıqlama verib.

“Bu gün ABŞ FTB-nin keçmiş xüsusi agenti Robert Levinsonun oğurlanması, saxlanılması və mümkün ölümündə iştirak edən İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin üç əməkdaşına qarşı sanksiyalar tətbiq edir”-deyə, Bruce bildirib.

İranın ABŞ vətəndaşlarını haqsız yerə həbs etmə tarixi olduğunu iddia edən Bruce ABŞ-ın Levinson hadisəsində iştirak edənlərin müəyyən edilməsi üçün səylərini davam etdirəcəyini bildirib.

Bruce Levinsonun yoxa çıxmasına görə məsuliyyət daşıyanların tapılması, xilas edilməsi və ya kimliyinin müəyyən edilməsinə görə 20 milyon dollar mükafat veriləcəyini qeyd edib və ABŞ-ın xaricdə haqsız yerə saxlanılan bütün vətəndaşlarını azad etmək üçün səylərini davam etdirəcəyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ