Moskva Ukraynada Vaşinqtonu “vurdu” – Razılaşma alınmır


Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında keçirilən görüş başa çatdı. Görüşün yekunu ilə bağlı birgə bəyanatın martın 25-də açıqlanacağı deyilir.

Qeyd edək ki, danışıqlar 12 saat davam edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib ki, heç bir sənəd imzalanmayacaq.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, ABŞ ilə Rusiya arasında razılığın əldə edilməməsinin əsas səbəbi tərəflər arasındakı fikir ayrılığıdır:

“Rusiya tərəfi işğal edilən Ukrayna ərazilərinin ilhaqının tanınmasını tələb edir. Moskva təkcə ABŞ-ın deyil, həm də Qərb ölkələrinin bu işğalı tanımasını istəyir. Bu da təbii olaraq tərəflər arasında fikir ayrılığına səbəb olur.

Təbii ki, digər məsələ də Ukraynanın təbii ehtiyatları ətrafında gedən müzakirələrdir. Belə ki, ABŞ Ukrayna ilə təbii sərvətlərin istismarına dair saziş imzalayır. Məlumatlara görə, Rusiyada bu sazişdən pay istəyir. ABŞ isə buna razı deyil”.

Ekspert deyib ki, Rusiya Ukraynanın tam tərəfsiz olmasını istəyir:

“Əslində bu, müharibənin başladığı ilk ildən bəri Moskvanın tələbi idi. Hətta Kiyevin tərəfsizliyi pozması Qərbə meyl etməsi, müharibənin başlamasına təkan verdi. Bu məsələdə Vaşinqtonun qəbul etmədiyi məqamlardandır.

Göründüyü kimi, tərəflər arasında ciddi fikir ayrılıqları var. Rusiya uzlaşmaqdansa, daha çox tələb irəli sürür. Hətta iddialar var ki, Rusiya işğal etdiyi ərazilərdən əlavə tələblər də irəli sürüb. Vəziyyət belə olduqda sülh danışıqları nəticəsiz qalır”.


MANŞET XƏBƏRLƏRİ