ABŞ senatoru Bernie Sanders İsrailin baş naziri Binyamin Netanyahunun 22 gündür Qəzzaya hər hansı yardımın girməsinə icazə vermədiyini bildirərək, İsrailə hərbi yardımın dayandırılmasını istəyib.
Turkustan.az xəbər verir ki, Sanders sosial media platforması X hesabında məsələ ilə bağlı açıqlama verib.
Netanyahunun 22 gündür Qəzzaya heç bir yardımın girməsinə icazə vermədiyinə diqqət çəkən Sanders, atəşkəsi pozduğunu və 50 mindən çox insanın ölümünə səbəb olan "bombalama kampaniyasını" yenidən başlatdığını vurğulayıb.
Bildirək ki, martın əvvəlində Qəzzada 42 günlük atəşkəsin birinci mərhələsi başa çatdı, lakin İsrail ikinci mərhələyə keçməkdən imtina etdi və müharibəni bitirmədi.
Atəşkəsin sona çatması ilə İsrail Qəzzaya giriş-çıxışları yenidən bağlayıb və humanitar yardımı dayandırıb. Bunun HƏMAS-a təzyiq etmək üçün aclıqdan silah kimi istifadə strategiyasının bir hissəsi olduğu bildirilir.
HƏMAS isə İsrailin atəşkəs razılaşmasına əməl etməli olduğunu vurğulayır və beynəlxalq ictimaiyyətdən dərhal ikinci mərhələ danışıqlarına başlamasını tələb edir.
Aytən Yaşar/ Turkustan.az