Rusiya: Ukrayna Belqorodda təbii qaz paylama stansiyasına hücum edib


Rusiya Müdafiə Nazirliyi Ukraynanın Belqorod vilayətində təbii qaz paylayıcı stansiyasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil etdiyini bildirib.

Turkustan.az xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada Ukraynanın martın 22-də Belqorod bölgəsində təbii qaz paylama stansiyasına hücum təşkil etdiyi bildirilib.

Açıqlamada İHA-lar ilə həyata keçirilən hücum nəticəsində stansiyanın zədələndiyi qeyd edilsə də, stansiyanın fəaliyyətini davam etdirib-etdirmədiyi ilə bağlı məlumat paylaşılmayıb.

“Ukrayna prezidenti Vladimir Zelenskinin verdiyi bəyanatların, o cümlədən ABŞ-a çatdırılan bəyanatların əksinə olaraq, Kiyev rejimi Rusiyanın enerji infrastrukturuna qəsdən hücumlar planlaşdırmağa, hazırlamağa və həyata keçirməyə davam edir”- deyə, bəyanatda bildirilir.

Bildirək ki, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında martın 18-də keçirilən görüşdən sonra tərəflərin enerji infrastrukturu obyektlərinə hücumları 30 gün müddətinə dayandırmaq barədə razılığa gəldiyi bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ