Bir neçə gündür ki, CHP rəhbərliyi köklü bir partiyanın deyil, marjinal siyasətin primitiv dilindən istifadə edir. Demokratik etiraz haqdır, amma CHP rəhbərliyinin istifadə etdiyi dil demokratik etiraz dili deyil.
Turkustan.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.
O bildirib ki, CHP rəhbərliyi gündəmdəki iddialara aydın və birbaşa cavab verə bilmir:
“Bu iddialar aylar əvvəl bəzi CHP-çilərin özləri tərəfindən, bəzi CHP bələdiyyələri ilə bağlı gündəmə gətirilib. İlk olaraq CHP-çi siyasətçilər arasında başlayan bu korrupsiya müzakirələri qarşısında partiya sədri Özgür Özəl və rəhbərliyi susdu. İndi gəncləri küçələrə çağırmaqla öz siyasi natamamlıqlarını, məsuliyyətsizliklərini ört-basdır etməyə çalışırlar. Onlar CHP daxilindəki qarşıdurmaları yatırmaq üçün demokratik etiraz hüququndan sui-istifadə edirlər. CHP rəhbərliyi demokratik siyasət və demokratik yanaşmalar baxımından yenə uğursuzluğa düçar oldu. Siyasi həyatımızın ən köklü problemi CHP-nin siyasətsizliyidir. CHP rəhbərliyinin etməli olduğu tək şey xalqın qarşısına çıxıb bəzi CHP-çi siyasətçilərin bəzi CHP bələdiyyələri ilə bağlı səsləndirdiyi iddialara cavab verməkdir”. /axar.az/