Donald Tramp əmindir ki, çox yaxında Rusiya və Ukrayna arasında tam atəşkəsə nail olacaq.
Turkustan.az xəbər verir ki, Tramp bu barədə Oval kabinetdə jurnalistlərə açıqlama verib.
ABŞ Prezidenti media nümayəndələrinə deyib ki, onlar hazırda danışarkən iki ölkə arasında “ərazilərin bölüşdürülməsi” ilə bağlı danışıqlar gedir. Tramp əlavə edib ki, “qətlləri dayandırmaq və Amerika pullarına qənaət etmək üçün” müharibəni bitirmək istəyir: "Biz tezliklə Rusiya - Ukrayna müharibəsində tam atəşkəsə nail olacağıq. Müqaviləmiz olacaq və bu barədə danışıqlar aparırıq. Torpaqların bölünməsi ilə bağlı müqavilə və s. Biz sizinlə danışdığımız vaxt bu, müzakirə olunur".
Beləliklə, ABŞ başçısı beynəlxalq hüquqla Ukraynanın suveren ərazisi olan torpaqların Rusiya tərəfindən işğalı ilə barışdığını və Ukraynanın da guya bununla razılaşmasına nail olduğunu göstərir və bunu özünün “böyük uğuru” kimi təqdim edir. Qeyd edək ki, Ukrayna rəhbərliyi dəfələrlə ərazilərinin işğalını rəsmən, de-yure tanımayacağını bəyan edib…
Eyni zamanda, Tramp Ukraynaya hücumları davam etdirdiyinə görə Rusiyaya qarşı sanksiyalar tətbiq edib-etməyəcəyi barədə suala cavab verməkdən imtina edib. Jurnalistin bu barədə sualına cavab olaraq, “onlar bir-biri ilə vuruşurlar” deməklə kifayətlənib.
Tramp Putinin qarşısında Ukraynada atəşkəslə bağlı heç bir müddət qoymadığını deyib. Lakin onun sözlərinə görə, atəşkəs “tezliklə” gələcək. ABŞ başçısı danışıqların irəlilədiyini və martın 21-də “iki yaxşı söhbətinin” olduğunu əlavə edib.
Xatırladaq ki, bundan əvvəl ABŞ cəbhədə 30 günlük atəşkəs tətbiq etməyi təklif etmişdi. Ukrayna dərhal buna razılaşdığı halda, Rusiya bir sıra şərtlərini irəli sürdü. Putin istəyir ki, Qərb atəşkəs zamanı Ukraynanı silah və kəşfiyyat məlumatları ilə təmin etməyi, Ukrayna hökuməti isə səfərbərliyi və yeni döyüşçülərin hazırlanmasını dayandırsın.
Trampın “uğurları”na gəlincə, Putinin onunla telefon danışığından sonra guya Ukrayna enerji infrastrukturuna hücumları dayandırdığı, hətta bununla bağlı dərhal əmr verdiyi bildirilsə də, elə bunun ardınca Rusiya Ukraynaya qarşı irimiqyaslı dron və raket hücumu həyata keçirdi. Ukrayna isə Sudjadakı qaz stansiyasını və Rusiyanın digər ərazilərindəki obyektləri vurdu.
Bu arada Trampın xüsusi elçisi Stiv Uitkoff Ukrayna rəhbərliyinin ölkədə seçki keçirməyə və NATO üzvlüyündən imtina etməyə razı olduğunu bəyan edib. Əlavə də edib ki, Putini qətiyyən pis adam hesab etmir…
Hələlik, Ukrayna tərəfi bu iddialara rəsmən münasibət bildirməyib. Lakin görünən odur ki, yuxarıda qeyd edilən bütün şərtlər Rusiyanın irəli sürdüyü tələbləri əks etdirir. Əgər Trampın nəzərdə turduğu sülh Ukraynanı kapitulyasiya şərtlərinə razı salmağlı nəzərdə tutursa, onun və köməkçisinin açıqlamalarından belə nəticə çıxır ki, buna nail olmaq üzrədirlər…
Bu arada isə “sülh istəyən” və “pis adam olmayan” Putinin ordusu ötən gecə Zaporojyeni bombalayıb. Şəhər mərkəzinə hücum nəticəsində azı 3 nəfər həlak olub, onlarla yaralı var. Ölənlərin sırasında 41 yaşlı kişi və onun 14 yaşlı qızı da var… /AzPolitika.info/