Ərdoğanı həbsə aparan o səbəb - 1999-cu il, mart...


O vaxtkı hakim partiya Ərdoğanı İstanbul bələdiyyəsi başqanlığından uzaqlaşdırmaq və həbs etməklə həmişəlik siyasətdən kənarlaşdırmağı hədəfləyirdi, amma hər şey əksinə oldu…

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılması fonunda Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın o vaxtkı həbsi də tez-tez xatırlanır.

Musavat.com yada salır ki, Ərdoğan öncə 1989-cu ilin martında Rufah partiyasında Bəyoğlu bələdiyyə başqanlığına namizədliyini irəli sürüb, lakin məğlub olub. O, səslərin hesablanması zamanı pozuntuların olduğunu bildirib. Məhkəmə onu dairə seçki komissiyasının sədri və hakimi təhqir etdiyinə həbs edib. Lakin bir həftə sonra 500 min lirə girov qarşılığında sərbəst buraxılıb. Məhkəmə Ərdoğanı 6 ay həbs və 20 min lirə pul cəzasına məhkum etsə də, sonda həbs cəzası 920 min lirə cərimə ilə əvəzlənib.

1994-cü ilin martında Ərdoğan İstanbul bələdiyyə başqanı seçkilərində 25,19% səslə qalib gələrək, ən yaxın rəqibi, Vətən Partiyasından İlhan Kesicini 3,05% geridə qoyub.

Bu vəzifədə Ərdoğan özünü xarizmatik siyasətçi və menecer kimi göstərib. O, bir neçə onilliklər ərzində şəhəri narahat edən bir çox iqtisadi və sosial problemləri həll etdiyi üçün böyük populyarlıq qazana bilib. Bunlara zəif su təchizatı, tullantıların çıxarılması və təkrar emalı ilə bağlı problemlər və nəqliyyat problemləri daxildir. Bundan əlavə, o, bir sıra effektiv antikorrupsiya tədbirləri tətbiq edib, həmçinin şəhərin borclarının böyük hissəsini ödəyib və şəhərə dörd milyard dollar investisiya cəlb edib.

1997-ci ildə Türkiyədə hərbi çevrilişdən sonra Ərdoğanın namizədliyini irəli sürən Rifah Partiyasının fəaliyyəti qadağan olunduğu üçün siyasətçi bələdiyyə sədri postunu tərk etmək məcburiyyətində qalıb. Ölkədə mitinqlər və etirazlar başlayıb.

1997-ci ildə Siirt şəhərində keçirilən mitinqlərin birində Ərdoğan Ziya Gökalpın 1912-ci ildə Balkan müharibəsində vuruşan türk əsgərlərinə ithaf olunan “Əsgərin duası” şeirini oxuyub. Amma məlum olub ki, Ərdoğanın oxuduğu şeir orjinala uyğun gəlmir. Çünki Ərdoğan şeirin sonluğuna bu əlavələri edibmiş: “Məscidlər bizim kışlağımız, günbəzlər dəbilqəmiz, minarələr xəncərlərimizdir”. Məhz bu əlavələrə görə o, məhkəmə qarşısına çıxarıldı. Ərdoğan orada oxuduğu şeirin məşhur şair tərəfindən yazıldığını və ona qadağa qoyulmadığını dedi: “Bu şeir təhsil nazirinin təsdiq etdiyi dərsliklərə salınıb. Cəmi bir neçə sözü dəyişdim. Diqqəti cəlb etmək, insanları ruhlandırmaq istəyirdim”.
Amma məhkəmə başqa qərar verdi. 1999-cu ilin martında o, “milli və irqi ədavəti qızışdırma” maddəsi ilə 10 ay həbs və külli miqdarda cərimə cəzasına məhkum edildi.

Ərdoğan tərəfdarları həbsi siyasi qisas kimi dəyərləndirir və etiraz aksiyaları təşkil edirlər. O dövrün iqtidarı isə bunu hüququn aliliyinin bərpası kimi qiymətləndirir. Həmin dövrdə Qərb ölkələri və beynəlxalq təşkilatlar məhkəmə prosesinin şəffaf aparılmasını tələb edir.
Amma xalqın dəstəyi, partiyanın və Ərdoğanın vəkillərinin səyi nəticəsində cəza 4 aya endirildi. Buna görə də 1999-cu il iyulun 24-də azadlığa buraxılıb.

O vaxtkı hakim partiya Ərdoğanın vəzifədən uzaqlaşdırılması və həbs olunması ilə həmişəlik siyasətdən kənarlaşdırmağı hədəfləyirdi. Amma bu həbs onun populyarlığını artırdı və siyasi nüfuzunu gücləndirdi. O, azadlığa çıxandan sonra Ədalət və İnkişaf Partiyasını (AKP) yaratdı. 2002-ci ildə partiya parlament seçkilərində qalib gəldi və bu, ona birpartiyalı hökumət qurmağa imkan verdi. O vaxtdan bəri Türkiyədə AKP hakimiyyətdədir.


MANŞET XƏBƏRLƏRİ