Türk kinosunun əfsanəvi adlarından olan Filiz Akın 82 yaşında dünyasını dəyişib.
Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Əfsanəvi aktrisa bir müddət idi ki, səhhətində problem yaşayırdı.
Səhiyyə Nazirliyinin tviter səhifəsində verilən açıqlamada "Türk kinosunun nadir adlarından olan Filiz Akın müalicə olunduğu xəstəxanada həyatını itirdi. Kino tariximizdə unudulmaz iz qoyan Filiz Akına Allah rəhmət eləsin, ailəsinə, sənət sevənlərinə başsağlığı veririk", - deyə bildirilib.
Filiz Akın 1 sentyabr 2024-cü il tarixindən pnevmoniya və bəzi digər infeksiyalardan müalicə alırdı.
Ulduz aktrisa əvvəllər də xərçəngdən müalicə almışdı.
Sol qulağının üstündəki xərçəng toxuması və səs tellərindəki problemlərdən sonra çoxsaylı əməliyyatlar keçirən Akın 2002-ci ildə diaqnozu qoyulan xərçəng, burun və ağız arxası xərçənginə qalib gələ bilmişdi.
O, kino aktrisaları Türkan Şoray, Hülya Koçyiğit və Fatma Girik ilə yanaşı, türk kinosunun bir dönəmində iz qoyan dörd önəmli addan biri hesab olunur./modern.az