İstanbul Böyük Şəhər Bələdiyyəsində keçirilən əməliyyat nəticəsində qurum sədri Əkrəm İmamoğlu və ona yaxın şəxslərin həbsi Türkiyədə rezonans doğurub.
Turkustan.az Globalinfo.az-a istinadən xəbər verir ki, bələdiyyədə bir sıra qanunsuz ianə toplanışlarının həyata keçirildiyinə dair görüntülərin yayıldığı bildirilir.
Hətta İmamoğlunun PKK terror təşkilatı ilə əlaqəsinin olduğu və ora yardım göndərdiyi iddia olunur. Ümumilikdə isə Şişli bələdiyyə sədri Resul Emrah Şahan və Beylikdüzü bələdiyyə sədri Mehmet Murat Çalık, habelə müğənni Ercan Saatçi də daxil olmaqla 79 şübhəlinin saxlanıldığı açıqlanıb.
“NetBlocks”un məlumatına görə, səs-küylü həbslərdən sonra səhər saatlarında “X”, “İnstagram”, “You Tube” və “TikTok”a giriş qismən məhdudlaşdırılıb.
Həmçinin baş verənlər fonunda dollar 40,94 lirəyə, avro isə 44,52 lirəyə qalxıb. Daha sonra isə nisbi sabitlik yaranıb və dollar 39,35, avro 42,26-ya qədər geriləyib.
İstanbulda “Taksim” metrostansiyası növbəti xəbərdarlığa qədər bağlanıb. Eyni zamanda təxribat xarakterli hərəkətlərin qarşısını almaq üçün 19-23 mart tarixləri arasında hər cür toplantı, nümayiş və mətbuata açıqlamaların qadağan edildiyi bildirilib.
Hazırda bəzi küçələrdə polislərin yerləşdiyi deyilir.
Son məlumata görə, saxlanılanlardan 106 nəfərin haqqında həbs qətimkan tədbiri qərarı verilib. 84 nəfərin isə sorğulandığı qeyd edilir. İmamoğlu və ona yaxın olan şəxslər barəsində “Cinayət təşkilatının lideri və ya üzvü olmaq”, “Qəsbkarlıq”, “Rüşvətxorluq”, “Məqsədli fırıldaqçılıq”, “Şəxsi məlumatların qanunsuz olaraq əldə edilməsi” və “Tender saxtakarlığı” maddələri üzrə istintaq başladılıb. Türkiyə KİV İstanbul merini 4 sutkalıq həbs qərarının gözlədiyini yazır.
Qeyd edək ki, Əkrəm İmamoğlu Türkiyənin ən böyük müxalifət partiyası olan CHP-nin tanınmış simalarındandır. Bir müddət öncə Türkiyə müxalifətinin liderlərindən Zəfər Partiyasının sədri Ümid Özdağ da həbs olunub. Hazırda müxalifət mediasının tanınmış jurnalistlərinin bir qisminin də prokurorluğa çağırıldığı, istintaqa cəlb edildiyi bildirilir.