Ukrayna prezidenti Volodimir Zelenski bu gün ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı aparacağını açıqlayıb. O, bu barədə Finlandiya prezidenti Aleksandr Stubb ilə keçirdiyi mətbuat konfransında məlumat verib.
“Bu gün prezident Tramp ilə təmasım olacaq. Biz onunla detalları müzakirə edəcəyik. Düşünürəm ki, bu, növbəti addımlarla bağlı olacaq. Artıq komandalarımız arasında çox yaxşı görüş baş tutub. Məncə, proses düzgün istiqamətdə gedir… Və mən Trampın Putinlə danışığının detalları barədə ondan eşidəcəyimi düşünürəm”, – Zelenski bildirib.
Ukrayna lideri bildirib ki, gələcək danışıqlarda ərazi məsələsi ən həssas və çətin məqamlardan biri olacaq. Zelenski vurğulayıb ki, bu kimi mövzuların müzakirəsi üçün “dənizdə və havada tam sakitlik rejimi təmin edilməlidir”.
“Bizim üçün qırmızı xətt müvəqqəti işğal olunmuş Ukrayna ərazilərinin Rusiyanın tərkib hissəsi kimi tanınmasıdır. Biz bunu qəbul etməyəcəyik”, – deyə Zelenski qeyd edib.
Bu açıqlamalar Tramp və Putin arasında keçirilmiş son telefon danışığından sonra gəlib. Zelenskinin Tramp ilə müzakirələrinin Ukraynaya hərbi yardımın davam etdirilməsi, atəşkəs məsələləri və gələcək sülh danışıqlarının istiqamətləri kimi mühüm mövzuları əhatə edəcəyi gözlənilir.
Gözlər indi Tramp-Zelenski görüşündən sonra veriləcək rəsmi açıqlamalara çevrilib. ABŞ-ın bu münaqişədəki mövqeyi və Trampın Putinlə razılaşmaları Ukraynanın gələcək strateji addımlarına təsir edə bilər./Musavat.com