ABŞ Prezidenti Donald Trampın fələstinliləri Suriyaya köçürməyi planladığına dair iddialar yayılıb. Məlumata görə, Tramp administrasiyasının nümayəndələri Misir və İordaniyadan sonra indi də Suriyanın keçid hökuməti ilə bu barədə əlaqə yaratmağa cəhd göstəriblər.
Ağ Ev rəhbəri daha əvvəl Qəzza ilə bağlı fərqli planlarının olduğunu bildirmiş, orada yaşayan fələstinlilərin başqa ölkələrə köçürülməsini təklif etmişdi. Lakin bu, beynəlxalq ictimaiyyətdə birmənalı qarşılanmadı.
ABŞ prezidentinin Fələstin və Qəzza ilə bağlı nə kimi hədəfləri var? Türkiyənin bu məsələyə münasibəti necə olacaq?
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Donald Tramp üçün vacib olan Qəzza zolağını boşaltmaqdır:
“Ərazidə yaşayan fələstinlilərin taleyi onun üçün çox da maraqlı deyil. Misir hökuməti də onları qəbul etmək istəmir, onsuz da ölkənin iqtisadi vəziyyəti yaxşı deyil. Prezident Əbdülfəttah əl-Sisi hökuməti o səbəbdən məsələni üzərindən atmaq istəyirdi. HƏMAS-ı məcbur etdilər ki, Qəzzada hakimiyyəti Ramallahda yerləşən Mahmud Abbas hökumətinə təhvil versin. Ancaq İsrail bununla da razılaşmır. Məqsəd Fələstin irsini Qəzzadan silib atmaqdır.
İsrail Fələstin dövlətinə düşən 3 ərazidən ikisini – Qüds şəhərini tamamilə zəbt edib və İordan çayının sahillərində kütləvi şəkildə qanunsuz yəhudi yaşayış məskənləri salıb. İndi də Qəzza bölgəsini ilhaq edib burada yeni yaşayış məskənləri salmaq istəyir. Vaşinqton və Təl-Əviv Misir və İordaniya rəhbərliyinə fələstinliləri qəbul etdirə bilmədilər. Ancaq Suriyada hazırda mərkəzi hakimiyyət zəifdir. Onsuz bu ölkə vətəndaş müharibəsinə görə dağılıb, yeni şəhərlər salınmalıdır. Üstəlik ölkə ciddi insan itkisinə məruz qalıb”.
Zeynal Əmrəliyev
Politoloq bildirib ki, Dəməşqdəki Əhməd əş-Şaraa hökuməti ilə bu məsələdə bazarlığın edilməsi, yaxud təzyiqin göstərilməsi mümkündür:
“ABŞ və İsrailin Suriyadan sonra fələstinliləri köçürmək istəyəcəkləri ölkə Livan ola bilər. Beyrutda da mərkəzi hakimiyyət xeyli zəifdir. Tramp administrasiyasının bu ölkəyə təzyiq göstərərək fələstinliləri qəbul etdirməsi gözləniləndir. Türkiyə yəqin ki, ABŞ ilə bu məsələni danışacaq. Rəsmi Ankara Fələstin davasının bölgədə ən güclü müdafiəçisidir. Ehtimal ki, Prezident Rəcəb Tayyib Ərdoğan Donald Trampla görüşündə bu məsələ müzakirə edəcək”.