ABŞ prezidenti Donald Tramp, digər ölkələrin, xüsusilə də Çinin kömürlə işləyən istilik elektrik stansiyaları açmaqla ölkəsi üzərində iqtisadi üstünlük əldə etdiyini əsas gətirərək, komandasına kömürlə enerji istehsalına dərhal başlamaq səlahiyyəti verdiyini açıqladı.
Turkustan.az xəbər verir ki, Tramp məsələ ilə bağlı özünün “Truth Social” sosial media hesabında açıqlama verib.
"İllərlə ekoloji ekstremistlər, dəlilər, radikallar və quldurlar tərəfindən əsir götürüldükdən və yüzlərlə kömürlə işləyən elektrik stansiyası açmaqla digər ölkələrə, xüsusilə də Çinə bizim üzərimizdə böyük iqtisadi üstünlük əldə etməyə icazə verdikdən sonra, mən komandama dərhal gözəl, təmiz kömürlə enerji istehsalına başlamaq üçün icazə verirəm"-deyə, ABŞ lideri bildirib.
Vəzifəsinin ilk günündə Tramp Alyaskadakı vəhşi təbiət qoruğu da daxil olmaqla bir sıra ərazilərdə neft və qaz qazmalarının artırılmasına dair sərəncamlar imzalayıb.
O, həmçinin enerji layihələri üçün icazə tələblərini asanlaşdıracaq və elektrik stansiyalarının tikintisini sürətləndirəcək Milli Enerji Fövqəladə Halının elan edilməsi haqqında sərəncam imzalayıb.
Aytən Yaşar/ Turkustan.az