ABŞ dövlət katibi Marko Rubio Macarıstanın xarici işlər naziri Peter Siyartodan Aİ-nin Rusiyaya qarşı sanksiyalarının uzadılmasına mane olmamağı xahiş edib.
Turkustan.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.
Qeyd edək ki, yanvarın sonunda Avropa İttifaqı Macarıstanın əvvəllər etiraz etdiyi Rusiyaya qarşı iqtisadi sanksiyaların uzadılmasına razılıq verib. Siyarto bildirib ki, sanksiyaların uzadılması Macarıstan üçün 3-4 milyard avro məbləğində itki ilə nəticələnəcək.
Nəşrin məlumatına görə, Macarıstan Donald Trampın Ağ Evə qayıtmasını əsas gətirərək sanksiyaların uzadılmasına veto qoyacağı ilə hədələyib. Rubionun Siyartoya sanksiya siyasətini pozmamaq çağırışı Budapeşti geri çəkilməyə inandırıb, Rusiya aktivlərinin dondurulması və ticarət embarqolarının qüvvədə qalmasına imkan verib.
Bildirilib ki, bu hadisə Aİ-nin Rusiyaya qarşı sərt xətt tərəfdarları arasında Trampın onların mövqeyini dəstəkləyəcəyinə dair ümidləri artırıb. /publika.az/