Britaniya hökuməti Moskva və Kiyev arasında mümkün atəşkəsə nəzarət etmək üçün qeyri-müəyyən müddətə Ukraynaya minlərlə hərbçi göndərməyi planlaşdırır.
Turkustan.az xəbər verir ki, Britaniya hökumətindəki yüksək vəzifəli mənbə “The Times”-a bu barədə bildirib. “Bu, uzunmüddətli öhdəlik olacaq, biz illərdir danışırıq. Nə qədər ki, sülh sazişini saxlamaq və Rusiyanı cilovlamaq lazımdır”, - mənbə nəşrə deyib.
“The Times” yazır ki, Britaniya Fransa, Türkiyə, Kanada və Avstraliya ilə birlikdə Ukraynaya qoşun yeritməyə razılaşıb. 30-dan çox başqa ölkə silah və logistika da daxil olmaqla missiyaya dəstək verməyə razıdır.
Ümumilikdə, Ukraynaya kömək etmək istəyənlərin koalisiyası 30 min sülhməramlı göndərə bilər. Lakin bu kontingent yalnız Moskva ilə Kiyev arasında sülh sazişi bağlanan zaman gələcək. Eyni zamanda, Rusiya NATO qoşunlarının Ukraynada yerləşdirilməsinin qəti əleyhinədir.
“Bütün bu söhbətlər tamamilə yersiz və absurddur. Əgər onlar orada peyda olurlarsa, bu o deməkdir ki, onlar münaqişənin tərəfləri kimi bu kontingentlər üçün bütün nəticələri olan münaqişə zonasında yerləşdirilir”, - Rusiya XİN rəhbərinin müavini Aleksandr Qruşko bildirib.
Onun sözlərinə görə, yalnız sülh sazişinin icrasına nəzarət edəcək silahsız müşahidəçilərdən danışmaq olar. /Cebheinfo.az/