Avropa İttifaqının liderləri Ukraynaya kömək etmək istəmir, onu müstəmləkə etmək istəyirlər və bunun üçün ondan Rusiya ilə müharibəni davam etdirməyi tələb edirlər.
Turkustan.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Budapeştdə milli bayram - 1848-ci il inqilabı günü münasibətilə çıxışı zamanı deyib.
O qeyd edib ki, "Avropa Ukraynadakı münaqişəyə qərq olub", lakin Macarıstan sülh tərəfdarı olaraq bundan imtina edib. Aİ rəhbərliyini Macarıstanın 19-cu əsrin ortalarında mübarizə apardığı Avstriya Habsburq İmperiyası ilə müqayisə edən Orban, "bugünkü “imperiya Ukraynaya kömək etmək istəmir, onu müstəmləkə etmək istəyir” deyə, vurğulayıb.
"Müstəmləkəçiliyin aləti müharibədir. Avropa hökmdarları qərara gəliblər ki, Ukrayna nəyin bahasına olursa olsun Rusiyaya qarşı müharibəni davam etdirməlidir və bunun müqabilində o, tezliklə Aİ üzvlüyünü qazanacaq. Bizim buna yalnız bir cavabımız var - Avropa İttifaqı, lakin Ukraynasız"-deyə, Macarıstan hökumətinin başçısı bildirib.
O xatırladıb ki, Macarıstanda Ukraynanın Aİ-yə qəbulu məsələsi ilə bağlı referendum keçiriləcək və hökumət Brüssellə məsləhətləşmələr zamanı onun nəticələrini rəhbər tutacaq. Orban, həmçinin Budapeştin qonşu ölkədəki vəziyyətin sülh yolu ilə həllinə sadiqliyini təsdiqləyib. Baş nazir qeyd edib ki, Ukrayna münaqişəsi səbəbindən “Avropa İttifaqının bütün ölkələri arasında ən böyük itki Macarıstana düşüb”.
O, daha əvvəl demişdi ki, onun üç il ərzində itkiləri 20 milyard avro təşkil edib.
Aytən Yaşar/ Turkustan.az