Tramp atəşkəs üçün Rusiyaya necə təzyiq edə bilər? - Mümkün yollar


ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika Rusiyanın iqtisadiyyatı üçün "dağıdıcı" addımlar ata bilər və bununla da Moskvanı Ukrayna ilə sülh razılaşmasına məcbur etməyə çalışar.

Turkustan.az xəbər verir ki, bununla yanaşı, Newsweek-in ekspertləri qeyd edirlər ki, Trampın bu istiqamətdə görəcəyi tədbirlərin hüdudları var.

Ekspertlərin fikrincə, Qərbin ağır iqtisadi sanksiyalarına baxmayaraq, Rusiya prezidenti Vladimir Putin artıq üç ildir ki, Ukraynada genişmiqyaslı müharibə aparır.

"Cümə axşamı 30 günlük atəşkəs təklifinə verilən Putin reaksiyası sübut etdi ki, Rusiyanı təzyiqlə məğlub etmək asan olmayacaq. Çünki o, razılaşmanın yalnız Kiyev üçün çətin şərtlər daxilində qəbul ediləcəyi halda mümkün olduğunu açıq şəkildə ifadə etdi", - materialda qeyd olunur.

Analitiklər hesab edirlər ki, Rusiya iqtisadiyyatına təzyiq göstərməyin ən effektiv yolu neft və qaz ixracına əlavə məhdudiyyətlər qoymaqdır, çünki bunlar Moskvanın əsas gəlir mənbəyidir və müharibəni maliyyələşdirmək üçün istifadə olunur.

"Əgər siz Ukrayna münaqişəsinin tez bir zamanda həll olunmasını istəyirsinizsə, bunu etmək üçün əsas vasitə Rusiya enerji daşıyıcılarının satışıdır. Bu, onların malik olduğu yeganə əsas gəlir mənbəyidir", - ABŞ-ın Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin aparıcı tədqiqatçısı Emili Kilkriz bildirib.

O, əlavə edib ki, Donald Tramp administrasiyası Rusiya enerji sektoruna qarşı "hərtərəfli sanksiyalar" tətbiq etməkdən çəkinə bilər, çünki bu, ABŞ iqtisadiyyatında əlavə qeyri-müəyyənliklər yarada bilər.

"Prezident Tramp hakimiyyətə gələndə neftin qiymətini iki dəfə aşağı salacağını vəd etmişdi. Bu, onun Rusiya ilə enerji münasibətlərində necə incə bir balans tapmalı olduğunu göstərir. Düşünürəm ki, administrasiya Rusiya neftinin bazardan çıxarılmasına səbəb ola biləcək sanksiyalarla bağlı ehtiyatlı davranacaq", - deyə Beyker İnstitutunun enerji eksperti Mark Finli qeyd edib.

Bununla belə, ekspertlər xəbərdarlıq edirlər ki, Rusiya enerji sektoruna qarşı sanksiyaların sərtləşdirilməsi Moskvanı daha da aqressivləşdirə bilər və eyni zamanda, bu cür sanksiyaların uğurla icrası üçün ABŞ-ın müttəfiqlərinin davamlı dəstəyi tələb olunur. Lakin Tramp Kanada, Avropa İttifaqı və digər ölkələrlə ticarət tarifləri mövzusunda açıq münaqişədə olduğu üçün bu, daha da çətinləşə bilər.

"Bu məsələdə müttəfiqləri vahid mövqedən çıxış etməyə məcbur etmək hazırkı şəraitdə daha çətin olacaq", - Finli əlavə edib.

Newsweek-in yazdığına görə, Tramp bu dilemmaya işarə edərək ABŞ-ın Rusiya iqtisadiyyatına qarşı "dağıdıcı tədbirlər" görə biləcəyini vurğulayıb.

"Biz maliyyə baxımından Rusiya üçün çox zərərli olacaq addımlar ata bilərik. Bu, Rusiya üçün dağıdıcı olardı. Amma mən bunu istəmirəm, çünki sülh olmasını görmək istəyirəm", - Tramp bildirib. /Qaynarinfo/


MANŞET XƏBƏRLƏRİ