Rəsmi Kiyev NATO-nun ikinci ən böyük ordusuna sahib olan Türkiyənin qlobal münaqişələrin həllində iştirakını istəyir - Bakıdan da reaksiyalar var...
“Türkiyə Ukraynada ədalətli sülhün əldə olunmasında mühüm rol oynaya bilər”. Bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa “Ukrinform”a açıqlamasında deyib. “Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsinin dayandırılması məsələsində Türkiyənin rolu həm bu ölkənin potensialını, həm də regionda, xüsusən də Qara dəniz regionunda oynadığı rolu nəzərə alsaq, son dərəcə vacibdir. Türkiyə Avropa qitəsində ən böyük ordulardan birinə malikdir. Və təbii ki, gələcək razılaşmalar kontekstində Ukraynada ədalətli və əhatəli sülhə nail olmaq üçün bu rol mütləq izah olunacaq”, - deyə XİN başçısı bildirib. Onun sözlərinə görə, məhz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə 2022-ci ildə Qara dənizdə “taxıl dəhlizi” yaradılıb. “Türkiyə hərbi əsirlərin azad edilməsi proseslərində fəal iştirak edib və buna görə minnətdarıq”, - deyə Sibiqa əlavə edib. Bundan əvvəl “The Telegraph” nəşri Türkiyənin Ukraynaya sülhməramlı kimi qoşun göndərə biləcəyini yazıb. Nəşrin məlumatına görə, regional sabitliyin və sülhün təmin edilməsi üçün zəruri hesab edilərsə, bu məsələyə baxılacaq.
“Reuters” yazıb ki, Türkiyə Ukrayna və Rusiya arasında sülh danışıqlarına ev sahibliyi etməyi təklif edəcək. Nəşr xatırladıb ki, Türkiyə genişmiqyaslı müharibə başlayandan bəri Ukrayna və Rusiya ilə yaxşı münasibətlər saxlayır.
Aydın Mirzəzadə
Milli Məclisin deputatı Aydın Mirzəzadə Türkiyə ilə yanaşı Azərbaycanın da münaqişənin həllində öz töhfəsini verə biləcəyini vurğuladı: “Tərəfləri sülhə gətirmək üçün ABŞ-la yanaşı, dünyanın böyük nüfuza malik ölkələrindən biri olan Türkiyə də bu məsələdə böyük rol oynaya bilər. Təsadüfi deyil ki, dünyanın güclü analitik mərkəzləri, eyni zamanda mətbuat orqanları problemin həlli üçün Türkiyənin imkanlarından istifadə etməyin vacibliyini vurğulayırlar. Qeyd edim ki, hər iki dövlətlə yaxşı münasibətləri qoruyub saxlaması, Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi və ona daim humanitar yardım göstərməsi nəzərə alınaraq, müəyyən bir mərhələdə Azərbaycan da iki dövlət arasında hərbi münaqişənin başa çatdırılması üçün yaradılacaq mexanizmə öz töhfəsini verə bilər. Hesab edirəm ki, dünya artıq bu müharibədən yorulub, bu müharibə özünün lüzumsuzluğunu göstərdi və artıq Ukrayna-Rusiya münasibətlərində sülh səhifəsinin açılması olduqca vacibdir”.
Şəhla Cəlilzadə
Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadənin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi iki ölkə arasındakı məsələ olmaqdan çoxdan çıxıb, Rusiya-Qərb qarşıdurmasıdır və bu qarşıdurma fonunda dünyanın yeni nizamı formalaşmaqdadır: “Bu dövrdə ən çox dilə gətirilən Türkiyə Prezidenti cənab Ərdoğanın "Dünya beşdən böyükdür" ifadəsidir. O, bu ifadəni hələ müharibədən xeyli əvvəl, ilk dəfə 2013-cü ildə BMT Baş Assambleyasında səsləndirmişdi. Bu ifadə xüsusilə hazırkı dövr üçün keçərli olub BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün idarə etdiyi dünya nizamının pozulduğunu, onlar arasında koordinasiyanın zəiflədiyini, beynəlxalq hüquq prinsiplərinin isə artıq işləmədiyini, yeni bir nizamlayıcı gücə ehtiyac olduğunu bildirir. Martın 13-də başlayan Qlobal Bakı Forumunun açılış nitqində cənab Prezident İlham Əliyev də vurğuladı ki, artıq beynəlxalq hüquq prinsipləri deyil, güc amili həlledicidir. Türkiyə tam da bu qlobal xaos dövründə həm hərbi gücü ilə, həm də koordinasiya bacarıqları ilə münaqişələrin həllində əvəzedilməz aktora, həmçinin yeni dünya nizamının yaradılmasında aparıcı gücə çevrilməkdədir. Türkiyə dünyanın qaynar nöqtələrində vahid siyasət inşasında çətinlik çəkən münaqişə tərəfləri ilə müsbət dinamikalı münasibətlər qura bildiyi üçün onlar arasında vasitəçilik edə bilir. Yeni dünya nizamında bütün tərəflərlə əməkdaşlıq qura bilən və hərbi qüdrətini artıran dövlətlərin güc sahibi olması labüddür. Təsadüfi deyil ki, ABŞ milli təhlükəsizlik müşaviri Mayk Voltz Zelenski barədə bu yaxınlarda demişdi ki, “Bizə Ukraynada həm ruslarla, həm də ABŞ-la əməkdaşlıq edə bilən lider lazımdır. Əks təqdirdə, problem olacaq”. Beləliklə, hərbi gücünə görə dünyanın top 10-unda yer alan, NATO-nun ikinci ən böyük ordusuna sahib olan Türkiyənin qlobal münaqişələrin həllində birbaşa və ya dolayısıyla rol aldığını, sülhyaradıcı fəaliyyəti ilə öz imkanlarını və təsir potensialını gedərək artırdığını görürük. Xüsusilə Cənubi Qafqazda (Azərbaycan-Ermənistan sülh prosesi), Yaxın Şərq (Suriya vs. məsələlərinin həlli) və Şərqi Avropa (Ukraynada müharibənin sonlandırılması, Qara dənizdə təhlükəsizlik və s.) məsələlərində Türkiyəyə böyük ehtiyac vardır. Artıq məlumdur ki, Ukraynaya təhlükəsizlik təminatı olaraq sülhməramlı qüvvələrin göndəriləcəyi gözlənilir. Rusiyanın qəti mövqeyi isə bundan ibarətdir ki, Ukraynada vahid-NATO qüvvələri olmamalıdır. ABŞ münaqişənin həlli istiqamətində addım ataraq və Rusiyaya güzəşt edərək Amerika qüvvələrinin Ukraynada olmayacağını, Avropa dövlətlərinin özlərinin sülhməramlı kontingent təşkil etməli olduğunu bəyan edib. Beləliklə, Ukraynada NATO-nu təmsil edən, eyni zamanda Rusiya ilə də uğurlu nəticə verən vasitəçilik təcrübəsi olan Türkiyənin sülhməramlılarının aparıcı qüvvə olacağı şübhə doğurmur. Prezident Ərdoğanın Zelenskini öz çətiri altına alaraq müdafiə edəcəyinə dair mövqe göstərişi ilə Türkiyəyə artan etimadın nəticəsidir ki, Ukrayna XİN Sibiqa ölkəsində ədalətli sülhün əldə olunmasında Türkiyənin mühüm rol oynaya biləcəyini bildirib".
Asif Nərimanlı
Siyasi təhlilçi Asif Nərimanlı hesab edir ki, Ukrayna Türkiyənin də prosesdə iştirakına israr edəcək: “Rusiya ilə müharibənin Ukrayna üçün minimum itkilər və maraqlarının nəzərə alınmasının yolu Türkiyədən keçir. Çünki Ukrayna üçün hazırda iki seçim var. Birincisi, ABŞ-Rusiya danışıqlarıdır. Tramp administrasiyasını Ukraynanın yox, Amerikanın maraqları düşündürür, bunu son günlər daha aydın şəkildə gördük. Kiyev anlayır ki, bu masada Putin öz, Tramp öz istədiklərini alacaq, itirən onlar olacaq. İkincisi, Avropanın da iştirak etdiyi masadır. Lakin nə Vaşinqton, nə də Moskva Avropanı prosesdə görmür və son hadisələr Avropanın həlledici rol oynaya bilmədiyini təsdiqlədi. Bu halda Ukrayna üçün yeganə qazanclı variant üçüncü seçim, yəni Türkiyənin dəstəyidir. Türkiyənin Ukrayna-Rusiya danışıqlarında təcrübəsi var, hər iki ölkəyə eyni məsafədə yaxındır, eyni zamanda ABŞ yalnız Ankara ilə müəyyən qədər hesablaşa bilər. Türkiyənin prosesdə iştirakı Avropanı oyundan kənarlaşdıran Vaşinqton və Moskvaya da sərf edir, bununla yanaşı, hər iki tərəf anlayır ki, Ankaranı prosesdən kənarda qoymaq Avropa cəbhəsini gücləndirə bilər. Buna görə Türkiyənin Ukrayna məsələsində iştirakı mümkün görünür. Təbii ki, Türkiyə masada Ukrayna maraqlarının da nəzərə alınmasını müdafiə edən tərəfdir. Kiyev buna görə Ankaranın prosesdə iştirakında israr edir. Onu da anlayırlar ki, gələcəkdə Ukraynanın təhlükəsizliyində Türkiyənin də iştirak etməsi zəmanətin güclü və davamlı olmasında böyük rol oynaya bilər. Görünür, Ukrayna Türkiyənin də prosesdə iştirakına israr edəcək”. /musavat.com/