Kreml: Biz müvəqqəti atəşkəs yox, uzunmüddətli sülh istəyirik


Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov “Rossiya-1” dövlət televiziyasına verdiyi açıqlamada ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Valsın dünən ona zəng edərək Kiyevlə bağlanmış razılaşmanı izah etdiyini bildirib.

Turkustan.az xəbər verir ki, Uşakov qeyd edib ki, o, Valsla müntəzəm əlaqə saxlayır.

Uşakov Ukraynada müvəqqəti atəşkəslə bağlı əldə olunan razılaşmalarla bağlı Rusiyanın mövqeyini ABŞ tərəfinə çatdırdığını, Ukraynada təklif olunan müvəqqəti atəşkəsin Ukrayna ordusu üçün müvəqqəti möhlətdən başqa bir şey olmadığını bildirib.

"Məqsədimiz hələ də uzunmüddətli sülh yolu ilə həlldir. Biz qanuni maraqlarımızı nəzərə alan sülh yolu ilə həllə çalışırıq. Narahatlıqlarımız bəllidir. Dinc hərəkətləri imitasiya edən belə addımlar (Ukraynada) heç kimə lazım deyil"-deyə, Uşakov bildirib.

Uşakov ABŞ-ın gələcək birgə işlərində Rusiyanın mövqeyini nəzərə alacağına ümid etdiyini bildirib və əlavə edib: “Amerikalılar və biz NATO-nun Ukrayna probleminin həlli və Ukraynanın gələcəyi kontekstində müzakirə oluna bilməyəcəyinə inanırıq”.

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffla Rusiya prezidenti Vladimir Putin arasında mümkün görüşlə bağlı sualları cavablandırmaqdan imtina edən Uşakov ABŞ tərəfi ilə bu cür təmasların qapalı saxlanılması üçün razılıq əldə olunduğunu vurğulayıb.

Uşakov onu da əlavə edib ki, Putin bu gün müvəqqəti atəşkəs təklifi ilə bağlı daha konkret və fundamental qiymətlər verə bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ