Almaniya kansleri Olaf Şolz Ukraynanı Rusiyaya qarşı tək qoymayacaqlarını və Ukraynanın Avropaya arxalana biləcəyini bildirib.
Turkustan.az xəbər verir ki, baş nazir Şolz Berlində Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Kosta ilə görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Ukraynanı Rusiyaya qarşı tək qoymayacaqlarını bir daha təsdiqləyən Şolz, "Ukrayna Avropaya güvənə bilər" deyib.
Kansler Şolz Avropanın çox ciddi bir dövrdən keçdiyini və belə bir zamanda Aİ-nin onlar üçün nə qədər əvəzsiz olduğunu anladıqlarını bildirib.
Martın 20-21-də Brüsseldə keçiriləcək Aİ liderlərinin sammitinə işarə edən Şolz deyib: "Müzakirəyə təkcə Aİ üzvlərini deyil, Böyük Britaniya, Norveç və Türkiyə kimi Avropa tərəfdaşlarımızı da daxil etməyimiz çox gözəldir. Təbii ki, bu həftələrdə bizi xüsusilə narahat edən iki məsələ var: Ukraynaya dəstək və Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsi".
Bununla belə, o, ABŞ-ın Ukraynaya dəstəyinin əvəzsiz olduğunu və belə davam edəcəyini vurğulayaraq, "Ona görə də dünən Ciddədə Ukrayna nümayəndə heyəti ilə danışıqlardan sonra Vaşinqtonun dəstəyini davam etdirəcəyini açıqlaması ümidverici və əhəmiyyətli bir siqnaldır. Eyni zamanda, biz hamımız bu məsələnin sülh yolu ilə həlli istiqamətində irəliləyiş əldə etmək istəyirik Ukraynanın suverenliyi ilə nəticələnəcək sülh prosesinə ən mühüm təhlükəsizlik zəmanəti kimi güclü qüvvələr lazımdır”-deyə, əlavə edib.
Aytən Yaşar/ Turkustan.az