ABŞ dövlət katibi Marko Rubio və milli təhlükəsizlik müşaviri Mayk Vals bildiriblər ki, Kiyev müvəqqəti atəşkəsə tam razılaşdıqdan sonra indi müharibəni dayandırmaq üçün hərəkətə keçmək Rusiyanın üzərinə düşür.
Turkustan.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə dünən Səudiyyə Ərəbistanının Ciddə şəhərində ukraynalılarla 8 saatdan çox davam edən görüşdən sonra Vals jurnalistlərə bildirib.
“Ukrayna sülhə hazırdır və indi biz bunu ruslarla müzakirə edib onların cavabını alacağıq. Ümid edirik ki, atəşkəsə “bəli” deyəcəklər. İndi top onların meydançasındadır”, - Rubio Rusiya tərəfi haqda deyib.
“Əgər onlar “yox” desələr, təəssüf ki, sülhə nəyin mane olduğunu öyrənəcəyik”.
Öz növbəsində, Mayk Valtz rusiyalı həmkarı ilə yaxın günlərdə danışacağını söyləyib.
Bununla belə, ABŞ rəsmiləri təklifin Rusiyaya necə çatdırılacağı və ya xüsusi elçi Stiv Vitkoffun bu həftənin sonunda Moskvaya gözlənilən səfəri zamanı təqdim edib-etməyəcəyi ilə bağlı konkret təfərrüatlar verməyib.
Lakin onlar mümkün qədər tez irəliləyəcəklərinə ümid etdiklərini bildiriblər.
Həm Rubio, həm də Vals vurğulayıblar ki, Ukrayna ABŞ prezidenti Donald Trampın açıq şəkildə şübhə altına aldığı sülhə sadiqliyini nümayiş etdirib.
“Ukrayna nümayəndə heyəti bu gün açıq şəkildə bildirdi ki, onlar prezident Trampın dünyaya baxışını bölüşürlər”, - Vals bildirib.
“Onlar konkret addımlar atdılar və konkret təkliflər verdilər. Nəinki tam atəşkəs təklifimizi qəbul etdilər, həm də biz bu müharibənin birdəfəlik necə sona çatacağını, onların uzunmüddətli təhlükəsizliyi və rifahı üçün hansı təminatları alacaqlarını ətraflı şəkildə ortaya qoyduq. Biz həqiqətən də bu dəhşətli döyüşə nəhayət son qoymaq üçün nə lazım olduğunu düşünürük”.
Siyasi ekspertlər də deyirlər ki, Ukrayna ABŞ-ın Ciddə danışıqları zamanı irəli sürdüyü 30 günlük müvəqqəti atəşkəsin dərhal tətbiq edilməsinə razılıq verməyə hazır olduğunu bildirməklə Rusiyanı çətin vəziyyətə salıb. İndi top Kremlin meydanındadır. Rusiya Prezidenti Vladimir Putin atəşkəsə razılaşmasa, Trampı çətin vəziyyətə salacaq.