İrana gözlənilməz xəyanət: Xamenei qadağan etdi, iki məqsəd var


“The Wall Street Journal”ın yazdığına görə, ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə iyun ayında görüşməyi planlaşdırır. Artıq bu mövzuda müzakirələr başlayıb. Tramp həm Moskva, həm də Pekinlə dialoqu genişləndirməyə çalışır”.

Turkustan.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O, ABŞ prezidentinin bu görüşlərdə bir neçə məqsədinin olduğunu bildirib:

Birincisi, Tramp Rusiyaya qarşı sanksiyaları yumşaltmaq və bu ölkə ilə ortaq iqtisadi layihələr həyata keçirmək istəyir.

İkincisi, Tramp nüvə silahlarının azaldılması ilə bağlı Rusiya və Çinlə razılaşma əldə etməyə çalışır. Məsələ burasındadır ki, “soyuq müharibə” illərində nüvə silahlarının azaldılması ilə bağlı danışıqlar yalnız ABŞ-la keçmiş SSRİ arasında gedirdi. Çin də müddət ərzində nüvə arsenalını gücləndirdi. Bu ölkə hazırda nüvə silahlarının sayına görə Vaşinqton və Moskvadan geri qalmır. Ona görə də Ağ Ev nüvə arsenalının azaldılması məqsədilə Pekinlə də saziş imzalamaq istəyir. Ancaq bunun mümkün olub-olmayacağı sual altındadır.

Bu arada, Rusiya, Çin və İranın Çabahar limanı yaxınlığındakı sularda “Təhlükəsizlik əlaqəsi – 2025” adlı birgə hərbi dəniz təlimləri keçirmələri Vaşinqtonun diqqətini çəkib. Sözügedən təlimlərdə 3 dövlətin hərbi gəmiləri iştirak edir. Təlimlər iştirakçı ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı etimadın və əməkdaşlığın dərinləşdirilməsinə xidmət göstərməlidir.

Moskva, Pekin və Tehran Hind okeanının şimalında keçirilən bu hərbi təlimlər vasitəsilə ABŞ-a mesaj göndərirlər. Vaşinqton İrana təzyiqi artırmağı planlaşdırır. ABŞ bu ölkənin neftini daşıyan tankerləri okean və dənizlərdə saxlayaraq yoxlamalar həyata keçirəcək. Bu, İranın neft satışına problemlər yaradacaq”.

Elxan Sahinoglu 5
Elxan Şahinoğlu

Politoloqun sözlərinə görə, Ağ Evin də məqsədi İranın böyük həcmdə neft satışı həyata keçirməsinin qarşısını almaq və bunun ölkənin iqtisadiyyatına mənfi təsir göstərməsini təmin etməkdir:

“Görünür, Vaşinqton bu yolla Tehranın ABŞ-ın şərtlərini qəbul edəcəyini düşünür. Ancaq İranın mühafizəkar dairələri Ağ Evin tələblərini yerinə yetirməyəcəklər. Ali dini lider Əli Xamenei Prezident Məsud Pezeşkiana ABŞ-la danışıqlar aparmağı qadağan edib. Bunun müqabilində mühafizəkar dairələr İranın Rusiya və Çinlə hərbi ittifaqı gücləndirməyi lazım biliblər. Ancaq bu ittifaq İranın iştirakçısı olduğu Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətinə problemlər yaradacaq. Vaşinqton Tehrana qarşı sanksiyaları sərtləşdirməklə bu ölkə üzərindən yük daşımalarına mane olmağa çalışacaq.

Digər tərəfdən, Şimal-Cənub nəqliyyat dəhlizinin iştirakçılarından biri isə Hindistandır. Bu ölkə İranın Çabahar limanını icarəyə götürüb. Aydındır ki, Çin Hindistanın iştirakçısı olduğu Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətində maraqlı deyil. Həmin dəhliz Çinin “Bir kəmər, bir yol” dəhlizinə alternativdir. O baxımdan ABŞ-ın Çabahar limanının fəaliyyətini əngəlləməyə çalışması Çinin maraqlarına uyğundur. Tehran limana yaxın sularda Moskva və Pekinlə birgə hərbi təlimlər keçirməklə Çinin işini asanlaşdırır. Halbuki ABŞ və ya İsrail İrana zərbə vurarlarsa, Rusiya və Çin bu ölkənin köməyinə gəlməyəcəklər, ancaq bəyanat verəcəklər. Ona görə bu iki ölkə ilə birgə hərbi təlimlərin İrana faydadan çox zərəri var”./globalinfo.az


MANŞET XƏBƏRLƏRİ