Ukrayna hələ də müəyyən kəşfiyyat məlumatları alır. Bu m'lumatlar Kiyevə Rusiyanın növbəti hücumu barədə xəbərdarlıq etməyə kifayət edir. Lakin ABŞ-ın dəstəyi olmadan şəhərləri və yaşayış məntəqələrini müdafiə etmək daha çətin olacaq.
Turkustan.az BBC-yə istinadən xəbər verir ki, Rusiya ABŞ administrasiyasının silah tədarükünü dayandırmasından maksimum istifadə edir.
Rusiya hər gün Kiyevə və digər şəhərlərə onlarla raket və pilotsuz uçuş aparatı (PUA) göndərir. Ukraynalı əsgərlər hər gecə bu hücumları dəf etməyə çalışırlar.
Ukrayna Hava Hücumundan Müdafiə Mərkəzi Komandanlığının əsgəri Aleksandr prezident Trampın silah və kəşfiyyat dəstəyini dayandırmasından narahatdır. O bildirir ki, ABŞ-ın dəstəyinə ümid edirdilər, amma yardım tamamilə kəsilsə, əllərində olan imkanlarla mübarizəni davam etdirəcəklər.
Onun komandası köhnə sovet istehsalı raketlərdən və iriçaplı pulemyotlardan istifadə edir. Bu silahlar yavaş hərəkət edən Rusiya PUA-larına qarşı effektivdir. Son həftəsonu onlar iki PUA-nı vurmağa müvəffəq olublar.
Bununla belə, Ukrayna ordusunun daha mürəkkəb hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var. ABŞ istehsalı olan Patriot sistemləri Rusiyanın ballistik raketlərini məhv edə bilən azsaylı vasitələrdəndir.
Lakin Ukraynanın əsas narahatlığı Patriot sistemləri üçün raket ehtiyatlarının tükənməsidir. Mobil hava hücumundan müdafiə bölməsinin komandiri Yurislav ABŞ-nin qərarının Ukraynanı çətin vəziyyətə salacağını bildirir. Hələ ki, bu təsir hiss olunmasa da, tezliklə ciddi problemlərin ortaya çıxacağı gözlənilir. "Hələ bunu hiss etməmişik, amma düşünürəm ki, hiss edəcəyik. Gec-tez bizim raketlərimiz tükənəcək".
Ukrayna hələ də Trampın qərarını dəyişəcəyinə ümid edir. Lakin bu baş verməsə belə, Kiyev anlayır ki, artıq ABŞ-ın dəstəyinə həmişə arxalana bilməz. /modern.az/