İran: Biz hələ də Trampdan bir məktub almamışıq


İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi paytaxt Tehranda keçirdiyi mətbuat konfransında ölkəsinin xarici siyasət gündəmini və regional inkişafları dəyərləndirib.

Turkustan.az xəbər verir ki, Trampın İran lideri Ayətullah Əli Xameneiyə göndərdiyi iddia edilən məktubla bağlı suala Bekayi deyib: “Bizə heç bir məktub gəlməyib”.

ABŞ-la danışıqların mümkünlüyü ilə bağlı Bekayi, "ABŞ tərəfinin "danışıq və ya müharibə" dixotomiyasından istifadə etməsi onların danışıqlarda ciddi olmadığını göstərir. İran heç vaxt belə danışıqlara girməyib. Təzyiq altında danışıqların aparılması mənasızdır. İranın mövqeyi tamamilə aydındır" deyib.

“Bir daha vurğulanır ki, İran heç vaxt real və düzgün mənada danışıqlar qapısını bağlamayıb, lakin biz bunu prinsipcə danışıqlar kimi görmədiyimiz üçün təzyiq və təhdidlərə əsaslanan danışıqlar təklifini qəbul etmirik”.

Bekayi nüvə məsələsində Avropa ölkələri ilə danışıqları davam etdirdiklərini və martın sonunda ekspertlər səviyyəsində danışıqların davam etdiriləcəyini bildirib.

O, həmçinin qeyd edib ki, güc tətbiqi və güc tətbiqi hədəsi bütün qanunlar və qaydalarla qadağandır və beynəlxalq hüququn pozulması hesab olunur.

İran sözçüsü ABŞ-ın İraqın İrandan enerji idxalına tətbiq etdiyi istisnanı uzatmaması ilə bağlı ABŞ-ın birtərəfli sanksiyalarının heç bir hüquqi əsası olmadığını bildirib və əlavə edib: "Region ölkələri öz maraqlarına uyğun qərarlar verməli və təzyiqlərin İranla əlaqələrinə xələl gətirməsinə imkan verməməlidir. İran bu mövzuda İraqla təmasdadır".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ