Maskın sərvəti 110,8 milyard dollar azaldı – “Forbes”


İlon Maskın sərvəti 2024-cü il dekabrın 17-dən etibarən 110,8 milyard dollar azalaraq, 353,2 milyard dollara düşüb.

Turkustan.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Məlumata görə, buna səbəb “Tesla” səhmlərinin dəyərinin azalması olub.

Belə ki, ABŞ Prezidenti Donald Trampın Kanada və Meksikaya qarşı yeni tariflər tətbiq etməsi və Çindən gələn mallara rüsumları artırması fonunda Tesla səhmləri 15% ucuzlaşıb, nəticədə Mask bir gündə 1,5 milyard dollar itirib.

“Forbes”in məlumatına görə, Maskın şirkəti ABŞ-nin tarifləri səbəbindən böyük itkilərə məruz qalacaq, çünki Çin “Tesla” elektrik avtomobilləri üçün ikinci ən böyük bazardır və əlavə olaraq istehsalda Kanadadan hissələrin idxalına arxalanır.

Martın 4-də ABŞ administrasiyası Kanada və Meksikadan idxal edilən demək olar ki, bütün məhsullara 25% rüsum tətbiq edib, həmçinin Çindən gələn mallara rüsumları 10%-dən 20%-ə qaldırıb.

Qeyd edək ki, Tramp fevralın 1-də Kanada, Çin və Meksikadan gələn mallara daha yüksək tariflərin tətbiqi haqqında sərəncam imzalayıb. Çindən idxala 10%-lik tariflər fevralın 4-də qüvvəyə minib, Kanada və Meksika məhsullarına rüsumlar isə həmin ölkələrin hökumətləri ilə danışıqlara qədər bir ay gecikdirilib.

11 dekabr 2024-cü ildə “Bloomberg” xəbər verib ki, Mask sərvəti 400 milyard dolları keçən ilk şəxs olub.

Keçən il dekabrın 17-də “Forbes” Maskın sərvətinin 464 milyard dollarla rekord vurduğunu qeyd edib. /yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ