8 illik razılaşma pozuldu: Bu ölkə Trampa təslim oldu


“Panama Prezidenti Xose Raul Mulino ölkəsinin Çinin “bir kəmər, bir yol” təşəbbüsündən çıxdığını bəyan edib. Buna baxmayaraq, Mulino Pekinlə diplomatik əlaqələri kəsməyəcəyini bildirib. Beləliklə, ABŞ Prezidenti Donald Trampın Panamaya təzyiqi nəticə verib”.

Turkustan.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O xatırladıb ki, Tramp Konqresdəki son çıxışında ABŞ-ın Panama kanalına sahiblənəcəyi fikrini bir daha təkrarlamışdı:

“Ağ Ev sahibi hələ buna nail olmasa da, Panama faktiki Vaşinqton qarşısında “ağ bayraq” qaldırıb. ABŞ müstəqil dövləti Çinin layihəsindən çıxmağa məcbur edib. Trampın təlimatı ilə dövlət katibi Marko Rubio fevralın 1-də Panamaya səfər etmişdi. Rubio Ağ Ev rəhbərinin xəbərdarlığını şəxsən Panama prezidentinin diqqətinə çatdırmışdı. Bu səfərdən sonra ölkə iki qərarını açıqladı. Birincisi, bundan sonra ABŞ-ın hərbi gəmiləri kanaldan keçərkən rüsum ödəməyəcəklər. İkincisi, Panama Çin şirkətləri ilə kanal ətrafındakı limanların işlədilməsi müqaviləsinin müddətini uzatmayacaq”.

elxan sahinoglu 0

Elxan Şahinoğlu

Ekspert bildirib ki, Pekin Panamanın qərarına görə təəssüf etdiyini açıqlayıb:

“Çinlə Panama arasında əməkdaşlıq müqaviləsi 2017-ci ildə, Çin şirkətlərinin Panama ətrafındakı limanları işlətməsi ilə bağlı saziş isə 1997-ci ildə imzalanmışdı. Panama rəhbərliyi bu yolla Çin kapitalını cəlb etməyi planlaşdırırdı. Bu planlar reallaşmağa başlayarkən, Tramp işlərin gedişini pozdu. İndi Panama dövləti ümid edir ki, Çin kapitalını ABŞ kapitalı əvəz edəcək. Bundan başqa Panama dövləti Çinlə hərbi əməkdaşlığa son verəcək. Son illərdə Çinin və Panamanın sərhəd xidməti, hərbi-hava və hərbi-dəniz qüvvələri arasında da əməkdaşlıq genişlənmişdi. Tramp administrasiyasının Panamada əldə etdiyi qələbəsi ABŞ-Çin qarşıdurmasını daha da gücləndirəcək. ABŞ prezidenti Çini başqa bazarlardan da sıxışdırmağa çalışacaq”.

Qeyd edək ki, Panama Çinin “Bir kəmər, bir yol” layihəsinə 2017-ci ildə qoşulub./globalinfo.az


MANŞET XƏBƏRLƏRİ