Məlum olduğu kimi, mart ayında Suriyada yeni hökumətin tərkibi formalaşdırılacaq. Bununla əlaqədar keçid hökumətinin yeni konstitusiya layihəsinin hazırlığı davam edir.
Musavat.com hazırlıqlarla bağlı araşdırma aparıb.
Prezident kimi fəaliyyətə başlayan Əhməd əl-Şaranın yeni islahatları sürətləndirdiyi və keçid konstitusiyasına dair komitə yaratdığı bildirilib.
Qeyd edilib ki, Suriya xalqının qanunun aliliyinə əsaslanan dövlət qurmaq istəyinə və Suriya Milli Dialoq Konfransının nəticələrinə əsaslanaraq, prezident keçid prosesini tənzimləyəcək konstitusiya bəyannaməsi layihəsini hazırlamaq üçün ekspertlər komitəsinin yaradılması haqqında fərman verib.
Türkiyə mətbuatının yazdığına görə, konstitusiya layihəsini hazırlayan qrupda Mardin Artuklu Universitetinin Siyasi Elmlər və Beynəlxalq Əlaqələr Departamentinin müəllimi Əbdülhəmid əl-Avak da var.
Əl-Cəzirəyə danışan bəzi mənbələr isə konstitusiya layihəsində təəccüblü detalların olduğunu bildirib. Belə ki, bundan sonra Suriyada dövlət başçısının müsəlman olması tələb olunacaq. Bu, konstitusiyanın ilk maddələrindən biri olacaq.
Digər təfərrüatlara gəlincə, bəyannamənin dərcindən sonra 60 gün ərzində prezident Xalq Şurasını təyin edəcək.
Məclisin 100 üzvü olacaq, ədalətli təmsilçilik və səlahiyyət təmin ediləcək. Prezident məclis üzvlərini fərmanla 2 il müddətinə təyin edəcək. Gələcək qanun çərçivəsində milli prinsiplərə əsaslanan siyasi partiyalara icazə veriləcək. Prezident Suriya ordusunun və silahlı qüvvələrin baş komandanı olacaq.