İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi E3 ölkələri, yəni İngiltərə, Almaniya və Fransa ilə nüvə müzakirələrini davam etdirmək üçün razılığa gəldiklərini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Bekayi Xarici İşlər Nazirliyində keçirilən həftəlik mətbuat konfransında ölkəsinin xarici siyasət gündəmi və regional hadisələrlə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Bekayi ABŞ və Rusiya liderləri arasında keçirilən danışıqlarda İranın nüvə məsələsinin də müzakirə olunub-olunmaması ilə bağlı suala belə cavab verib: "Bu mövzuda ABŞ və Rusiya arasında danışıqların olması təbiidir, lakin önəmli olan odur ki, İranın nüvə məsələsi ilə bağlı görülən işlər İranın rəyi ilə məsləhətləşmədən edilməyəcək və rus dostlarımız mütləq bizimlə məsləhətləşəcəklər".
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İran və ABŞ arasında vasitəçilik edəcəyi ilə bağlı iddialara gəlincə, Bekayi, "Bu məsələlərin əhəmiyyətini nəzərə alaraq, bir çox tərəf məsələlərin gündəmə gətirilməsinə kömək etməyə hazır olduqlarını ifadə edə bilər. Ona görə də bu baxımdan ölkələrin vasitəçilik təklif etməsi təbiidir" deyib.
İran sözçüsü ABŞ-ın sanksiyalarının davam etməsini İrana qarşı düşmən münasibətin davam etməsinin əlaməti hesab etdiklərini bildirib.
Aytən Yaşar/ Turkustan.az