Zelenskinin istefası gündəmdədir: Onu kim əvəzləyəcək? - ADLAR


Bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini "seçkisiz diktator" adlandırıb və onun Ukraynada seçkilər keçirmədiyini və reytinqinin çox aşağı olduğunu bildirib. Zelenski isə Trampın tənqidlərinə cavab olaraq reytinqi ilə bağlı yayılan məlumatların Rusiya tərəfindən dezinformasiya olduğunu vurğulayıb.

Ardınca Zelenski Ukrayna üçün sülh müqabilində vəzifəsindən istefa verməyə hazır olduğunu açıqlayıb. “Əgər sülh Ukrayna üçündürsə və həqiqətən də vəzifəmi tərk etməyimə ehtiyac varsa, mən hazıram. Vəzifəmi Ukraynanın NATO-ya üzvlüyü müqabilində də dərhal dəyişə bilərəm”, - deyə Zelenski jurnalistə cavab verib.

Zelenski diqqətini 20 ildən sonraya deyil, bu gün Ukraynanın təhlükəsizliyinə yönəltdiyini və onilliklər ərzində hakimiyyətdə qalmaq fikrində olmadığını bildirib. “Hesab edirəm ki, NATO ən ucuz variantdır və bu, doğrudur. Hər halda, kimin dəstəkləməsindən və ya dəstəkləməməsindən asılı olmayaraq, bu mövzu masadadır”, - deyə Zelenski vurğulayıb. Ukrayna Prezidenti qeyd edib ki, bu məsələ tərəfdaşlarla müzakirə olunacaq.

Ağ Evdə yaşanan gərginlikdən sonra yayılan xəbərlərdə Trampən bəzi köməkçilərinin Zelenskinin istefasını tələb etdiyi bildirilib. Trampın müşavirləri hesab edir ki, Ukraynada nizamlanma üzrə gələcək razılaşmaya Zelenskinin istefası daxil edilməlidir.

"Fox News" kanalının mənbələri isə qeyd edir ki, Ər-Riyaddakı danışıqlardan sonra Rusiya və ABŞ nümayəndə heyətləri Ukrayna üçün üç mərhələli sülh planı hazırlayıblar. Bura atəşkəs, Ukraynada prezident seçkilərinin keçirilməsi, sonra isə sülh sazişinin imzalanması daxildir.

Turkustan.az-ın Modern.az-a istinadənməlumatına görə, Qərb mətbuatında Zelenskinin əvəzinə kimin prezident ola biləcəyi ilə bağlı bəzi fikirlər səsləndirilib, adlar açıqlanıb.

Onlardan biri Valeri Zalujnidir. Zalujni Ukraynanın hərbi liderlərindən biridir və ölkədə ən populyar fiqurlardan sayılır. 2022-ci ildən bəri Rusiyaya qarşı müharibədə ordunu idarə edib və Ukrayna ictimaiyyəti arasında “Dəmir General” kimi tanınır. Bir sıra KİV-lər onun Zelenski ilə münasibətlərinin gərgin olduğu iddia edilir və bu, onun fevral ayında vəzifədən uzaqlaşdırılmasına gətirib çıxarıb. Daha sonra Zalujni Ukraynanın Böyük Britaniyadakı səfiri təyin edilib, bu da onun siyasi ambisiyalarına yeni imkanlar açır.

Qərb ölkələrində və Ukrayna elitasında Zalujninin Zelenskinin alternativi kimi hazırlandığı barədə fikirlər var. Xüsusilə, bəzi analitiklər Qərbin Zelenskinin populyarlığının azalması fonunda yeni lider axtardığını düşünürlər. Amma Zelenskinin reytinqi ilə bağlı məlumatlar etibarlı hesab edilmir. ABŞ və Avropa ölkələrinin bəzi dairələrində Zalujniyə müsbət yanaşılır, çünki o, hərbi sahədə uğurlar əldə edib və korrupsiyaya qarşı mövqeyi ilə seçilir. Bununla belə, Zalujninin prezidentliyə namizəd olub-olmayacağı hələ dəqiqləşməyib.

Bir neçə gün öncə Rusiya Prezidenti Putin də Zalujninin reytinqinin prezident Volodimir Zelenskidən iki dəfə yüksək olduğunu iddia edib.

Qərbdə Ukrayna Prezidenti ola biləcək şəxslər arasında adı çəkilənlərdən biri də Kiril Budanovdur.

Budanov 2020-ci ildən etibarən Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsində çalışır. O, Rusiyaya qarşı uğurlu əks-kəşfiyyat əməliyyatları ilə tanınır və Ukrayna daxilində Rusiyanın təxribatçı fəaliyyətlərinə qarşı mübarizədə mühüm rol oynayıb. Budanov cəsarətli və strateji düşüncəsi ilə tanınır, bu da onu Ukrayna ictimaiyyətində populyar edib. Məsələn, 2023-cü ildə o, Rusiya Prezidenti Vladimir Putinin sağlamlığı ilə bağlı spekulyasiyalar edərək informasiya müharibəsində fəal iştirak edib.

Ruslan Stefançukun da adı Zelenskinin mümkün varisi kimi hallanır. Ukrayna Ali Radasının (parlament) sədri olaraq ölkənin qanunvericilik prosesində əsas rol oynayır. O, hüquq sahəsində dərin biliyə malikdir və Ukraynanın hüquqi islahatlarında fəal iştirak edir. Stefançuk demokratik dəyərlərə sadiqliyi və islahatlara yönəlmiş yanaşması ilə tanınır. Onun liderliyi altında, Ali Rada bir sıra mühüm qanunların qəbulunu təmin edib və Ukraynanın Avropa inteqrasiyası prosesinə töhfə verib.

Zelenskinin xələfi kimi adı hallanan növbəti şəxs Vitali Kliçkodur. O, keçmiş peşəkar boksçu və hazırda Kiyev şəhərinin meridir. O2008-ci ildən bəri şəhərin idarəçiliyində iştirak edir və 2014-cü ildən etibarən mer vəzifəsini icra edir. Kliçko Rusiyanın Ukraynaya qarşı təcavüzü zamanı Kiyevin müdafiəsində mühüm rol oynayıb və şəhərin bombalanması zamanı sakinlərin təhlükəsizliyini təmin etmək üçün fəal çalışıb. Onun pro-Avropa mövqeyi və liderlik qabiliyyəti, xüsusilə Euromaydan etirazları zamanı, onu Ukrayna siyasətində əhəmiyyətli bir fiqur halına gətirib.


MANŞET XƏBƏRLƏRİ