Türkiyə Xarici işlər naziri Hakan Fidan Londonda Böyük Britaniyanın ev sahibliyi etdiyi Ukrayna ilə bağlı görüşdən sonra Türkiyə mətbuatına açıqlama verib.
Turkustan.az xəbər verir ki, Fidan sammitin vacib olduğunu və görüşün əsas gündəminin Ukrayna olduğunu qeyd edib.
Ukraynada mümkün sülh razılaşması, atəşkəs və bunun necə mümkün ola biləcəyinin müzakirə edildiyini qeyd edən Fidan bu mövzuda müxtəlif fikirlərin olduğunu bildirib.
“ABŞ-ın son həftələrdə tutduğu mövqe və bu mövqeyin getdikcə daha aydınlaşdırılması fonunda Avropa İttifaqında bəzi fərqli fikirlər ortaya çıxıb”. Fidan bu məsələlərin Avropa liderləri tərəfindən masa ətrafında müzakirə edildiyini bildirib.
Fidan həm Ukraynada mümkün sülh razılaşmasına, həm də Avropa təhlükəsizlik arxitekturasının yenidən qurulmasına Türkiyənin töhfəsinin vacib olduğunu vurğulayaraq, prezident Rəcəb Tayyib Ərdoğanın bunun gerçəkləşməsi üçün böyük bir vizyona sahib olduğunu qeyd edib.
Aytən Yaşar/ Tukustan.az