ABŞ tarixində ən böyük diplomatik qalmaqallardan biri baş verdi. ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Vens Ukrayna dövlət başçısı Volodimir Zelenskini bütün dünyanın gözü qarşısında uşaq kimi danladı. Gərgin məcrada keçən görüşdə Ukrayna liderinin Tramp və Vens tərəfindən aşağılanması ilə bağlı məqamlar da diqqət çəkdi.
Turkustan.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazır.
Nəşr bildirir ki, bu, ABŞ siyasi tarixində ilk belə diplomatik qalmaqal və ya biabırçı olay deyil. Amma mənbənin fikrincə, ən pisi Ağ Evdəki görüşdə birbaşa həqarətə uğrayan Zelenski ilə yaşanıb.
Həmin qalmaqallardan bəziləri:
ABŞ-nin keçmiş prezidenti Riçard Nikson və dövlət katibi Henri Kissincer Hindistanın Banqladeşin müstəqilliyinə dəstək verməsinin əleyhinə idi. Ona görə də Hindistan və bu ölkənin lideri İndira Qandi haqqında təhqiramiz ifadələr işlətmişdilər.
Nikson öz çıxışında Qandini “qoca cadugər”, hindliləri “cinsləri məlum olmayanlar” və “acınacaqlı” adlandırmışdı.
Kissincer də Qandiyə qarşı ağlasığmaz ifadələr işlətmiş və bu, o dönəmdə qəzəb doğurmuşdu.
"Soyuq müharibə" illərində ABŞ və SSRİ arasında tez-tez diplomatik gərginlik yaşanırdı. Cimmi Karter administrasiyası Sovet İttifaqının insan hüquqlarının pozulmasına qarşı tənqidi mövqe tutmuşdu. Karter birbaşa SSRİ lideri Leonid Brejnevi aşağılamasa da, onun ittifaqda insan haqlarının durumu ilə bağlı sovet rəhbərliyinə sərt tənqidləri meydan oxumaq kimi qiymətləndirilmiş və diplomatik gərginliyə səbəb olmuşdu.
İki böyük dövlət arasındakı gərginlik uzun illər davam etsə də, heç vaxt müharibəyə çevrildi.
1980-ci illərdə ABŞ-nin o vaxtkı prezidenti Ronald Reyqan Liviya lideri Müəmmər Qəddafini “Yaxın Şərqin quduz köpəyi” adlandırmışdı.
ABŞ-nin keçmiş prezidenti Barak Obamanın İsrail Baş naziri Benyamin Netanyahu haqda dediyi sözlər də gərginliyə səbəb olmuşdu.
Həmin sözlər belə idi: “Siz ondan bezmisiniz, bəs mən? Hər gün onunla məşğul olmaq məcburiyyətindəyəm”.
2017-ci ildə Tramp Şimali Koreya lideri Kim Çen Inı “kiçik raket adam” adlandırmışdı, bu, iki ölkə arasında qızğın müzakirələrə səbəb olmuşdu. Kim Çen In buna cavab olaraq Trampa “beyinsiz” demişdi.
NATO sammitində Kanada Baş naziri Castin Trüdonun ABŞ rəhbəri haqqında zarafatı üzə çıxandan sonra Tramp Tüdonu “ikiüzlü” adlandırmışdı.
Donald Trampın daxili siyasətlə bağlı mövqeyi həmişə gündəmdə olub. O, ilk prezidentlik debatı zamanı sələfi Co Baydeni təhqir etmişdi. Tramp Baydeni “təlxək” adlandırmış, Bayden isə cavabda “onda ağıl deyilən bir şey yoxdur” söyləmişdi./teleqraf