BÖYÜK GÖRÜŞ BAŞ TUTDU: "Zelenski ya sazişi imzalayacaq, ya da hakimiyyətdən gedəcək" - ŞƏRH


ABŞ-yə səfər edən Ukrayna Prezidenti Volodimir Zelenski həmkarı Donald Trampla görüşmək üçün Ağ Evə gəlib.

Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında keçirilən görüşdə bir sıra mühüm məsələlər müzakirə olunub.

Tramp bəyan edib ki, ABŞ və Ukrayna arasında faydalı qazıntıların tədarükü ilə bağlı yeni razılaşma bu gün imzalanacaq. O, bu sazişi “ədalətli sövdələşmə” adlandıraraq, bunun ABŞ-ın ciddi öhdəliyi olduğunu vurğulayıb.

Görüşün maraqlı anlarından biri də Trampın Zelenskiyə ünvanladığı qeyri-adi sual olub. ABŞ prezidenti Ukrayna liderindən nə vaxt kostyum geyinəcəyini soruşub. Zelenskinin cavabı isə "Baxarıq" olub.

Maraqlıdır görəsən, Tramp istədiyi imzanı Zelenskidən ala biləcəkmi? Bundan sonra vəziyyət hansı istiqamət üzrə dəyişəcək? 2 ölkə arasında sülh olacaq, yoxsa, Ukraynaya hərbi yardıma davam ediləcək?

Turkustan.az olaraq suallarımızı siyasi şərhçi Turan Rzayevə ünvanladıq. Ekpert açıqlamasında bildirdi ki, bu görüş sözsüz ki, dünyanın böyük maraqla gözlədiyi görüşdür.

Xüsusi ilə də Donald Trampın Ukrayna ilə bağlı səsləndirdiyi fikirlər və Ər-Riyadda Rusiya ilə keçirilən görüş istənilən halda Ukrayna üçün narahatverici bir hal alıb. Açıq desək, Trampın nə etmək istədiyi artıq bəllidir. O, Rusiya ilə mövcüd problemləri aradan qaldırıb, Ukrayna-Rusiya arasında, Azərbaycan-Ermənistan arasında 1994-cü ildə imzalanan atəşkəs razılaşması bənzəri bir razılaşma əldə etmək istəyir. Əslində müharibənin bitməsi Amerikaya da sərf etmir, sadəcə aktiv döyüşlər bitməli, Rusiya ilə problemlər aradan qalxmalıdır ki, atəşkəs olsun. Bunu təsdiqləyən bir faktor da o oldu ki, Rusiya XİN danışıqlarla bağlı fikir səsləndirərkən təklif olunan atəşkəs razılaşmasını bəyənmədiyini, Rusiyanın maraqlarına uymadığını və Rusiyanın tələblərini çatdırmışdı. Bütün hallarda Tramp Ukrayna maraqlarına uymayacaq tərzdə bir sazişin tərəfdarıdır. Hətta, Tramp Putinlə danışıqları daha önəmsəyir, nəinki Zelenski ilə. Onu da qeyd edim ki, Zelenski istəklərinə nail olmayacaq, çünki Trampın istəkləri açıq və aydındır. Ukrayna ABŞ-ın istədiyi formada sazişə getməlidir. Əks tədqirdə yardımlar dayandırılacaq, hətta müqavimət göstərilərsə, Ukraynaya təzyiqlər də ola bilər.

Konkret sülh danışıqlarının olacağını düşünmürəm. Tramp Zelenskiyə öz planlarını desə belə, Zelenskinin bu planlar üzrə hərəkət etməyəcək. Hətta, o da mümkündür ki, Zelenski bu məsələdə müqavimət göstərsin və Ukrayna seçkiyə getsin. Belə olan halda da Zelenski qalib gəlməyəcək. Çünki, Amerika da bütün gücü ilə çalışacaq ki, Zelenski yenidən seçilməsin, əksinə Trampın istəklərini dəstəkləyəcək bir liderlə yola davam etsinlər.

Turan Rzayev:

Rusiya Trampla görüş gözlədiyi bir məqamda Tramp niyə Putini yox, məhz Zelenskini seçdi?

Trampın ilk olaraq Putinlə görüşməməsi təbiidir, çünki bunun üçün hələ zəmin yaranmayıb. Nəzərə almaq lazımdır ki, Rusiya və Amerika arasındakı münasibətlər çox aşağı idi və indi-indi yeni bərpa olunur. Əslində bu görüşün anonsu Ər-Riyadda verildi. Trampa görə, Putini razı salmaq, Zelenskini razı salmaqdan daha çətindir. Buna görə də hələ ki, Rusiya ilə kompromis dilində danışır. Bu o demək deyil ki, sona kimi belə gedəcək. Hazırda Zelenskinin geri addım atmaq imkanı yoxdur, çünki fakt budur ki, 3 ildir müharibənin davam etməsinə səbəb Ukraynaya Amerika və Aİ-nin dəstək olmasıdır. Əks təqdirdə nəinki 3 il, heç 1 il belə Ukrayna müqavimət göstərə bilməzdi. Bəli, Rusiya işğalçı ölkə də olsa, onunla mübarizə aparmaq çətindir. Zelenski hazırkı məqamda ya Amerikanın təklifini qəbul edəcək, ya da hakimiyyətini itirəcək. Bütün bunlar görüşdə danışılacaq. Trampın itirəcəyi heç bir şey yoxdur, amma Zelenskinin itirəcəyi çox şey var. Zelenski ilə razılıq əldə olunarsa, Putinlə də hansısa neytral ölkədə görüş baş tuta bilər. Görüşməsələr də telefonla bu məsələləri danışa bilərlər. Düşünürəm ki, Rusiya Amerikanın sülh sazişini qəbul edəcək. Onu da qeyd edim ki, Trampın Ukrayna-Rusiya müharibəsini bitirib, Rusiya ilə birləşərək Çinə qarşı ittifaq yaratmaq məsələsi də mənə görə absurd məsələdir. Ümumiyyətlə Çin və Amerika arasında müharibənin ola biləcəyi ehtimalı da gülüncdür.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ