Misir Qəzza zolağında atəşkəs və HƏMAS ilə İsrail arasında əsir mübadiləsi razılaşmasının növbəti mərhələləri üzrə Qahirədə "intensiv danışıqlara" başlanıldığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Misir Prezidentinin İnformasiya Xidmətindən verilən yazılı açıqlamada, İsrail və Qətərdən iki nümayəndə heyətinin Qəzza zolağında atəşkəslə bağlı danışıqları başa çatdırmaq üçün ABŞ nümayəndələrinin də iştirakı ilə paytaxt Qahirəyə gəldiyi bildirilib.
Bəyanatda atəşkəs razılaşmasının növbəti mərhələləri ilə bağlı aidiyyəti tərəflər arasında intensiv danışıqların başladığı və mövcud razılaşmanın həyata keçirilməsi istiqamətində səylərin davam etdirildiyi qeyd olunub.
Bəyanatda həmçinin deyilir ki, vasitəçilər mülki əhalinin əzablarını yüngülləşdirmək və regionda sabitliyi təşviq etmək səyləri çərçivəsində Qəzza zolağına humanitar yardımın çatdırılmasının gücləndirilməsini müzakirə ediblər.
Aytən Yaşar/ Turkustan.az