Fevralın 14-dən xəstəxanada müalicə alan katoliklərin ruhani lideri Papa Fransiskin səhhətinin yaxşılaşdığı bildirilir.
Turkustan.az xəbər verir ki, Vatikan, ayın əvvəlində keçirdiyi ağır bronxit səbəbiylə iki həftədir Romadakı Gemelli Xəstəxanasında müalicə alan və ikitərəfli pnevmoniya diaqnozu qoyulan 88 yaşlı Papanın sağlamlıq vəziyyəti ilə bağlı yazılı açıqlama verib.
"Papanın səhhətinin vəziyyəti bu gün də yaxşılaşmağa davam edir. Bu gün maskanın istifadəsi ilə yüksək axınlı oksigen terapiyası alternativ olaraq tətbiq edilib. Klinik mənzərənin mürəkkəbliyini nəzərə alaraq, xəstəliyin gedişatını qəti şəkildə qiymətləndirmək üçün stabil vəziyyətin daha bir neçə gün davam etməsi lazımdır"-deyə, məlumatda deyilir.
Bildirilib ki, Papa Fransisk səhər saatlarını tənəffüs fizioterapiyasına və istirahətə həsr edib, günorta isə fizioterapiya seansından sonra 10-cu mərtəbədəki şəxsi mənzilində kiçik kilsədə dua edib.
Vatikanın bu gün səhər verdiyi qısa açıqlamada Papanın gecəni sakit keçirdiyi də qeyd edilib.
Aytən Yaşar/ Turkustan.az