ABŞ Dövlət Departamenti ABŞ-ın İstanbuldakı Baş Konsulluğunda keçirilən Rusiya-ABŞ görüşü ilə bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun iqamətgahında Rusiya və Amerika nümayəndə heyətləri arasında ikitərəfli münasibətlərin normallaşdırılması çərçivəsində səfirlik fəaliyyətini müzakirə etmək üçün keçirilən görüşlə bağlı bunları deyib: “Aparılan konstruktiv dialoqlarla tərəflər müvafiq sahələrdə diplomatik nümayəndəliklərimizin fəaliyyətinin sabitləşdirilməsi istiqamətində ilk konkret addımları müəyyən ediblər”.
ABŞ Dövlət Departamentinin sözçüsü nümayəndə heyətləri arasında keçirilən görüşlə bağlı yazılı açıqlama verib.
Açıqlamada ABŞ dövlət katibi Marko Rubio və Rusiya xarici işlər naziri Sergey Lavrovun qarşılıqlı diplomatik missiyaların fəaliyyətinə təsir edən məsələlərlə bağlı danışıqlara başlamaq üçün əldə etdikləri razılaşma çərçivəsində fevralın 27-də iki ölkənin nümayəndə heyətlərinin İstanbulda görüşü olduğu bildirilib.
ABŞ nümayəndə heyətinə dövlət katibinin Rusiya və Mərkəzi Avropa üzrə müavini Sonata Koulter, Rusiya nümayəndə heyətinə isə Dövlət Departamentinin Şimali Atlantika bölməsinin direktoru səfir Aleksandr Darçiyev rəhbərlik edib.
Açıqlamada bildirilir ki, ABŞ nümayəndə heyəti müqavilə əsasında göstərilən bank xidmətləri və xidmətlərə çıxış imkanları ilə bağlı narahatlığını, Moskva səfirliyində daimi və dayanıqlı səviyyəli əməkdaşların növbətçiliyinə ehtiyac olduğunu bildirib.
"Konstruktiv dialoqlarla tərəflər müvafiq sahələrdə diplomatik nümayəndəliklərimizin fəaliyyətinin sabitləşdirilməsi istiqamətində ilk konkret addımları müəyyən ediblər. Dövlət katibinin müavini Koulter və səfir Darçiyev eyni məsələlərin müzakirəsi üçün yaxın vaxtlarda nümayəndə heyətlərinin nümayəndələri ilə növbəti görüş keçirməyə razılaşıblar.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da bu danışıqların ikitərəfli münasibətlərdəki problemlərin həlli üçün aparıldığını bildirib. "Problemlər ABŞ-ın əvvəlki administrasiyalarının dağıdıcı fəaliyyəti nəticəsində yaranıb. Bu administrasiyalar bilərəkdən Rusiyanın Vaşinqtondakı səfirliyinin işinə maneələr yaradıb və ölkələrimiz arasında diplomatik münasibətlərin strukturuna xələl gətirib"-deyə, Zaxarova əlavə edib.
Aytən Yaşar/ Turkustan.az