Son günlər İsrail ordusunun Suriyanın cənubunda aktivliyi müşahidə olunur. İsrailin müdafiə naziri İsrael Katzın çıxışı da bunu təsdiq edir.
Sitat:
“Hərbi-hava qüvvələri Suriyanın cənubunu sakitləşdirmək üçün təyin etdiyimiz yeni siyasətin bir hissəsi kimi hazırda həmin hissəyə fəal şəkildə hücum edir. Mesaj aydındır: Suriyanın cənubunun Livanın cənubuna çevrilməsinə icazə verməyəcəyik”.
Müdafiə nazirinin son cümləsi xüsusilə diqqət çəkir. Ümumiyyətlə, İsrail rəhbərliyi Suriyanın cənubunda “demilitarizasiya zonası” elan olunmasını nəzərdən keçirir. Müqayisə üçün deyim ki, bu, Misirlə əldə olunmuş Sinay modelini xatırladır.
İsrail Qəzzada HƏMAS-ı, Livanda “Hizbullah”ı zəiflətdikdən sonra gözünü Suriyaya dikib. Rəsmi Təl-Əviv bu dövlətin güclənməsini istəmir. Əslində, maksimum dərəcədə onlardan gələcək təhdidlərin qarşısını almağa çalışır. Bunun üçün həm qeyd etdiyim kimi, “demilitarizasiya zonası” yaratmaq istəyir, həm də Suriyada mərkəzi hakimiyyəti zəiflədəcək etnik və dini azlıqları dəstəkləyir.
Misal üçün Suriyanın şimal-şərqində kürdlərə, qərbində ələvilərə (kürd, ərəb, türkmən) və cənubunda durzilərə verilən dəstək məhz bununla bağlıdır. İsrail Suriyada da hədəflərinə nail olmaq, ölkə təhlükəsizliyinə təhdid yaradacaq bütün riskləri aradan qaldırmaq istəyir.
Təl-Əvivin əsas hədəfi İrandır. Lakin bu ölkə ilə qarşıdurma öncəsi ayağına dolana biləcək problemlərdən xilas olmağa çalışır.
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı