Kreml Ukraynadan siyasi təzyiq və danışıqlar vasitəsilə Zaporojye, Xerson və Kramatorskdan imtina etməsini tələb edir, çünki onları hərbi yolla ələ keçirmək imkanı yoxdur.
Turkustan.az xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun(ISW) son hesabatında belə deyilir.
Hesabatda bildirilir ki, Rusiya Zaporojye, Donetsk, Luqansk və Xerson vilayətlərini tamamilə ələ keçirmək niyyətini bəyan etməkdə davam edir. Bununla belə, Zaporojye (əhalisi 706 min nəfər), Xerson (əhalisi 275 min nəfər) və Kramatorsk (əhalisi 147 min nəfər) kimi böyük şəhərlər Ukraynanın nəzarətində qalır. Analitiklər qeyd edirlər ki, bu ərazilərin işğalı genişmiqyaslı humanitar fəlakətə gətirib çıxaracaq, çünki Rusiya çox güman ki, artıq ələ keçirdiyi ərazilərdə olduğu kimi repressiya, deportasiya və assimilyasiya üsullarını tətbiq edəcək.
Bununla belə, amerikalı mütəxəssislər qeyd eedirlər ki, Rusiyanın hərbi irəliləyişi faktiki olaraq dayanıb. İşğalçı dövlətin ordusu texnika və canlı qüvvə baxımından əhəmiyyətli itkilər verir. Buna görə də Kreml diplomatik təzyiq və təbliğat yolu ilə Ukraynanı güzəştə getməyə və öz şəhərlərindən imtina etməyə məcbur etmək istəyir.
Rusiya XİN başçısı Sergey Lavrovun “Rusiya konstitusiyasını” əsas gətirərək, müharibənin hazırkı cəbhə xətti boyunca dayandırılmasını mümkünsüz hesab etməsini və 4 vilayətin bütünlükdə Kremlin nəzarətində olmasını tələb etməsini şərh edən ISW sonda yazır: “Lavrovun ritorikası çox güman ki, Rusiya ordusunun güc yolu ilə əldə edə bilmədiyi şeyə danışıqlar yolu ilə nail olmaq cəhdidir”. /AzPolitika.info/