ABŞ prezidenti Donald Tramp İrana qarşı maksimum təzyiq siyasəti həyata keçirməyə qərar verərkən, İsrailin xarici işlər naziri Gideon Saardan tənqidi açıqlama gəlib.
Turkustan.az xəbər verir ki, İranın uran ehtiyatlarına diqqət çəkən Saar, nüvə təhlükəsi səbəbiylə hərbi variantın masada olması lazım olduğunu bildirib.
ABŞ prezidenti Donald Tramp vəzifədə olduğu ilk ayda İrana qarşı “maksimum təzyiq” siyasətinə qayıtmaq üçün sərəncam imzalayıb və bu, İsrail tərəfindən müsbət qarşılanıb.
Fərmanın imzalanması ilə İranın neft satışına qarşı sanksiyalar tətbiq olunmağa başlandı. Bununla belə, ABŞ prezidenti Donald Tramp nüvə məsələsi ilə bağlı danışıqların aparıla biləcəyini bildirərək, İranla bağlı problemlərin diplomatik masa arxasında həll edilməli olduğuna işarə edib.
İranın xarici işlər naziri Abbas Arakçi nüvə məsələsi ilə bağlı danışıqların ABŞ-ın təzyiq siyasəti ilə eyni vaxtda aparıla bilməyəcəyinə diqqət çəkib, İranın ali dini lideri Əli Xamenei isə ABŞ-ın hazırkı administrasiyası ilə danışıqların şərəfli bir hərəkət olmayacağını bəyan edib.
Trampın siyasətlərindən sonra İran tərəfi nüvə proqramından geri çəkilməsə də, İsrailin xarici işlər naziri Gideon Saar İranın uran ehtiyatlarını artırdığını iddia edərək, mövcud ehtiyatlarla bir neçə nüvə bombasının əldə edilə biləcəyini bildirib.
Aytən Yaşar/ Turkustan.az