ABŞ Prezidenti Donald Tramp 4 illik fasilədən sonra Ağ Evə qayıtdıqdan sonra dünyanın diqqətini çəkən bir çox istək və açıqlamalar verib.
Turkustan.az xəbər verir ki,Tramp 2025-ci il yanvarın 20-də ABŞ prezidenti kimi fəaliyyətə başlayıb, lakin 35 gün ərzində elə bir gün olmayıb ki, onun açıqlamalarından danışılmasın.
O, vəzifəyə başlamazdan əvvəl və dərhal sonra “gözünü tutduğu” yerləri soruşmaqdan çəkinməyib. Bu, Trampın dünyasıdır...
O, Danimarkanın Qrenlandiya ərazisini almaq istəyirdi və Panama kanalının ABŞ-ın nəzarətinə keçməli olduğunu deyib. Yanvarın 20-də vəzifəyə başlayan kimi o, Ağ Evdə Meksika körfəzinin adının “Amerika körfəzi” olaraq dəyişdirilməsi haqqında sərəncam imzalayıb.
Vəzifəyə başlamazdan əvvəl Kanadanın ABŞ-ın 51-ci ştatı olması lazım olduğunu söyləyən Tramp ABŞ prezidenti olduqdan sonra bu ritorikasını davam etdirib.
Onun ən qalmaqallı açıqlaması İsrailin hücumlarında minlərlə insanın həlak olduğu Qəzza ilə bağlı olub . Tramp fevralın əvvəlində Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra Qəzza planını dünya ictimaiyyəti ilə bölüşüb. O, “Qəzzanı ələ keçirmək planı” və ABŞ-ın Qəzzaya sahib çıxacağına dair açıqlamaları ilə tənqidlərə səbəb olub.
Nəhayət, Tramp vəzifəyə başlamazdan əvvəl Rusiya-Ukrayna müharibəsini çox qısa müddətdə bitirəcəyi ilə bağlı açıqlamalar versə də, bunu necə edəcəyi ilə bağlı məlumat verməyib. ABŞ və Rusiya arasında danışıqlar davam edərkən, Tramp Zelenski ilə bağladığı razılaşma ilə Ukraynanın nadir torpaqlarının yarısında tərəfdaş olmağa çalışır...
Aytən Yaşar/ Turkustan.az