Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov rusiyalı təbliğatçılara verdiyi müsahibədə Moskvanın Ukrayna ilə bağlı "münaqişənin əsas səbəblərinin aradan qaldırılmasına" yönəlmiş uzunmüddətli sülh razılaşmasına can atdığını bildirib. Onun sözlərinə görə, ABŞ-ın dəstəyi ilə sürətli atəşkəs əldə olunması və sonra döyüşlərin yenidən başlanması Moskva üçün məqbul deyil.
Turkustan.az xəbər verir ki, bu barədə "Avropa Pravdası" Ryabkovun "RIA Novosti"yə verdiyi müsahibəyə istinadən yazır.
"Amerika tərəfinin sürətli atəşkəsə doğru irəliləmək istədiyini kifayət qədər əminliklə deyə bilərik. Lakin... uzunmüddətli həll olmadan atəşkəs – döyüşlərin yenidən başlanmasına və münaqişənin daha ağır nəticələr doğurmasına gətirib çıxaracaq. O cümlədən, bu, Rusiya-ABŞ münasibətləri üçün də ciddi nəticələrə səbəb olacaq. Biz bunu istəmirik", - Ryabkov deyib.
Ryabkov bildirib ki, Moskva Ukrayna ilə elə bir razılaşma əldə etmək istəyir ki, bu, zamanın sınağından çıxa bilsin. O, Rusiyanın və ABŞ-ın keçən həftə Ər-Riyadda apardığı danışıqlara da toxunub. Bu danışıqlar zamanı tərəflər ikitərəfli münasibətlərin bərpası və Ukrayna üzrə danışıqlara hazırlıq istiqamətində işləməyə razılaşıblar.
ABŞ keçmiş prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff isə daha əvvəl Vaşinqtonun Ukrayna müharibəsinin həlli ilə bağlı sülh razılaşmasına "çox yaxın" olduğunu bildirmişdi.
Fevralın 18-də Səudiyyə Ərəbistanında Ukraynanın iştirakı olmadan Rusiya və ABŞ-ın yüksək səviyyəli rəsmilərinin görüşü baş tutub. Görüşdə tərəflər ikitərəfli münasibətlərdəki "gərginlik yaradan amilləri aradan qaldırmaq" və Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqlara hazırlıq işlərini davam etdirmək barədə razılığa gəliblər.