Avropa siyasi dairələri Ukraynanın gələcək taleyinə riyakar yanaşmasaydı, rəsmi Kiyev vəd olunan dəstəyi tam və vaxtında alsaydı, indi Rusiyanın hərbi məğlubiyyəti qaçılmaz xarakter daşıyardı... Qərb mənbələrinin iddialarına görə, əgər, Avropa Birliyi son üç ilə aid 55 trilyon avroluq ÜDM-nin cəmisi bir faizi həcmində Ukraynaya hərbi dəstək versəydi, Kreml kapitulyasiya aktını imzalamaq üçün çoxdan yalvarmaq məcburiyyətində qalardı...
ABŞ və Avropa Birliyi qarşılıqlı münasibətlərində, onilliklər boyu ön planda olmuş strateji müttəfiqlik xəttindən artıq böyük sürətlə uzaqlaşmağa başlayıblar. İndi Ağ Ev Avropa Birliyi ilə qlobal ortaqlığı deyil, yalnız ABŞ-ın maraqlarını düşünür. Ağ Evdə yerləşmiş mənfəətçi biznes elitasının hakimiyyətdə olduğu müddət ərzində bu vəziyyətin dəyişə biləcəyi hələlik qətiyyən inandırıcı görünmür. Və Tramp adminstrasiyası hətta Avropa Birliyini "Böyük Amerika" layihəsi qarşısında əsas əngəllərdən biri hesab etdiyini də artıq gizlətmir.
Onu da qeyd etmək lazımdır ki, Ağ Ev ABŞ-ın ənənəvi qlobal ortağı olan Avropa Birliyini Rusiya ilə sülh danışıqları prosesindən də kənarda saxlayır. Yəni, ABŞ Avropa Birliyinin Ukraynanın bölüşdürülməsində iştirakını və pay qopartmasını qətiyyən istəmir. Ağ Ev Kremllə anlaşaraq, Ukrayna savaşının siyasi-iqtisadi qənimətlərini təkbaşına ələ keçirtmək niyyətindədir. Və bu qənimətlərin sırasında Ukraynanın zəngin təbii sərvətləri xüsusi yer tutur.
Məsələ ondadır ki, Ukrayna Avropada, hətta dünyada ən zəngin təbii sərvətlərə sahib olan ölkələrin sırasına daxildir. Həmin sərvətlərin ümumi dəyəri təxminən 2-7 trilyon dollar arasında hesablanır. Ona görə də, Ağ Ev rəsmi Kiyevdən həmin təbii sərvətlərin ABŞ tərəfindən istismarını nəzərdə tutan müqaviləni imzalamasını tələb edir. Prezident Volodimir Zelenskini diktator və qeyri-legitim dövlət başçısı elan edən Ağ Ev sahibi Donald Tramp rəsmi Kiyevə mesaj göndərib ki, Ukrayna ya ABŞ ilə mineral ehtiyatların istismarı barədə sazişi imzalamalıdır, ya da onu gözləyən olduqca ciddi problemlərə hazır olmalıdır.
Maraqlıdır ki, prezident Donald Tramp bu tələbini Ukraynanın ABŞ-a 400-500 milyard dollar həcmində kompensasiya ödəməli olması ilə arqumentləşdirir. Yəni, Ağ Ev sahibi tələb edir ki, rəsmi Kiyev ABŞ-ın Ukraynaya xərclədiyi məbləği geri qaytarsın. Halbuki, Qərb mənbələri də etiraf edirlər ki, ABŞ Ukrayna savaşına təxminən 170 milyard dollara yaxın maliyyə vəsaiti sərf edib. Üstəlik, bunun da 70 faizdən artığı ABŞ sərhədləri içərisində qalıb. Və ABŞ-da silah istehsalı məqsədilə yeni müəssisələrin açılmasına yönəldilib.
Bayden adminstrasiyası geri qalan maliyyə vəsaitini isə təmirə ehtiyacı olan köhnə hərbi texnikanın tədarük olunaraq, Ukraynaya göndərilməsinə yönəldib. Ümumiyyətlə, Qərb mənbələri iddia edirlər ki, ABŞ-ın birbaşa Ukraynaya xərclədiyi maliyyə vəsaiti 50 milyard dolların üzərində deyil. Və indi, nə qədər qəribə də olsa, prezident Donald Tramp Ukraynadan ABŞ-ın xərclədiyinin on qat artığını - 400-500 milyard dollar təzminat istəyir.
Təbii ki, bütün bunlar ABŞ-ın, darmadağın edilmiş Ukraynanın təbii sərvətlərini də talan olunmasına cəhd göstərməsi anlamına gəlir. Yəni, biznes hakimiyyəti olan Tramp adminstrasiyası Ukrayna savaşından ABŞ-ın xərclərini dəfələrlə üstələyən məbləğdə qazanc əldə etməyə çalışır. Ona görə də, həm Tramp adminstrasiyasının "demokratiyadan uzaqlaşıb, avtoritarizmə yönəlməkdə" suçladığı Avropa Birliyinə, həm gələcək taleyi həll edilən Ukraynaya ABŞ-ın Rusiya ilə sövdələşməsində yalnız məlumatsız, passiv tamaşaçı rolu ayrılıb. Və bu baxımdan, bütün baş verənlərə Avropa Birliyinin reaksiyası da böyük maraq doğurur.
Məsələ ondadır ki, Fransa və Estoniya Ukraynaya dəstəyin gücləndirilməsini müzakirə etmək üçün fevralın 24-də Avropa Birliyi ölkələrinin müdafiə nazirlərini görüşə çağırıb. Nə qədər qəribə də olsa, konkret addımların atılmalı olduğu, ABŞ və Rusiyanın Ukraynanı bölüşdürmək üçün sövdələşdiyi bir vaxtda avropalılar hələ də iclas keçirib, müzakirələr etmək barədə düşünürlər. Halbuki, Belçika hökuməti isə Ukraynaya vəd edilən iki "F-16" döyüş təyyarəsnin yalnız ilin sonuna doğru göndəriləcəyini bildirib. Fransanın isə öz köhnə "Miraj"larını Ukraynaya verməsi hələ də reallaşmayıb.
Göründüyü kimi, Avropa dövlətləri qətiyyən tələsmirlər. Yəni, Avropa siyasi dairələri Ukraynanın gələcək taleyinə riyakar yanaşma tərzi dəyişməz qalır. Əgər, bu riyakarlıq olmasaydı, Ukrayna vəd olunan dəstəyi tam və vaxtında alsaydı, indi Rusiyanın hərbi məğlubiyyəti qaçılmaz olardı. Belə ki, yalnız 2024-cü ildə Avropa Birliyi məkanında ÜDM-in həcmi 18 trilyon avro olub. Təxminən analoji göstərici savaş dövrünün əvvəlki illərində də qeydə alınıb. Və bu, Avropa Birliyində son üç il ərzində ÜDM-in ümumi həcminin təxminən 55 trilyon avroya yaxın olduğu deməkdir.
Maraqlıdır ki, Qərb mənbələrinin hesablamalarına Avropa Birliyi son üç ildə Ukraynaya dəstək üçün öz ÜDM-nin yalnız 0,3 faizi həcmində maliyyə vəsaiti sərf edib. Bəzi iddialara görə, əgər, bu maliyyə dəstəyi hətta cəmisi bir faiz həcmində olsaydı, indi Rusiya çoxdan kapitulyasiya aktını imzalamış olardı. Halbuki, Avropa Birliyi Ukraynaya real dəstəkdən daha çox vəd verməklə, ilk növbədə öz gələcək taleyini də böyük təhlükə altında buraxıb. Qərbdə bunu artıq anlayırlar, ancaq "qoca qitə"də hələ də müzakirələrə zaman xərcləməkdən uzağa gedə bilmirlər.
Belə anlaşılır ki, Ukraynanın hakim dairələri ABŞ və Qərbə güvənərək, avropalı riyakar siyasi fırıldaqçılara ümid edərək, taleyüklü və strateji səhvlərə yol veriblər. Fransa prezidenti Emmanuel Makron avropalı riyakar fırıldaqçılara ən bariz örnəkdir. Bu adam bir tərəfdən Ukraynaya dəstək üçün Parisdə avropalı müdafiə nazirlərinin toplantısını çağırır. Digər tərəfdən isə Ukraynanın işğal olunmuş ərazilərinin hərbi yolla geri qaytarılmasının mümkün olmadığını bəyan edərək, ABŞ-a rəsmi səfərə hazırlaşır. Və üstəlik, uzunmüddətdən bəri Ukraynada hərbi kontingent yerləşdirmək ideyasını gündəmdə saxlayan prezident Emmanuel Makron indi Fransanın bu ölkəyə qoşun göndərməyəcəyini bəyan edir.
Yəni, Fransa prezidenti Avropa məkanında riyakarlıq örnəyi rolunda ön planda olmağı bacarır. Bir tərəfdən Parisdə toplantı çağırmaqla, Fransanı Avropa Birliyinin avanqard ölkəsi kimi göstərməyə çalışır. Digər tərəfdən isə ABŞ səfəri ərəfəsində Fransanın Ukraynaya qoşun göndərməyəcəyini, bu ölkənin işğal edilmiş əraziləri unutmalı olduğunu bəyan etməklə, Tramp adminstrasiyasına xoş görünmək niyyəti güdür. Və bütün bunların qarşılığında Tramp adminstrasiyasının heç kimə əhəmiyyət vermədən ABŞ-Rusiya sövdələşməsinə nail ola bilməsi əslində, qətiyyən təəccüb doğurmamalıdır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
Yeni Müsavat Media Qrupu