İsrailin baş naziri Benyamin Netanyahu hökuməti, ikinci mərhələyə keçməzdən əvvəl, hazırkı məhbus mübadiləsi razılaşmasının birinci mərhələsi başa çatdıqdan sonra Qəzzada hərbi əməliyyatlara yenidən başlamağı planlaşdırır.
Turkustan.az xəbər verir ki, İsrailin Netanyahuya yaxınlığı ilə tanınan Kanal 14-ün xəbərinə görə, hökumət hazırkı məhbus mübadiləsi prosesinin tamamlanmasından sonra genişmiqyaslı hücuma keçməyi hədəfləyir.
Son həftələrdə Netanyahu Qətər və Misirin vasitəçiliyi ilə ABŞ-ın dəstəklədiyi danışıqları təxirə salmağa və danışıqların ikinci mərhələsini əngəlləməyə çalışır. İsrail hökumətinə yaxın mənbələrin bildirdiyinə görə, Netanyahunun əsas məqsədi məhbus mübadiləsini təxminən iki həftə uzatmaq və bununla da sağ qalan israilli əsirlərin azad edilməsini təmin etməkdir. Lakin bu müddətin sonunda İsrailin Qəzzaya “görünməmiş” miqyasda hücuma keçməyi planlaşdırdığı bildirilir.
İsrailə yaxın mənbələr Netanyahunun planının Vaşinqton tərəfindən dəstəkləndiyini və ABŞ-ın İsrailə böyük hərbi yük göndərdiyini iddia edir. Qəzzada planlaşdırılan yeni hücumun bölgəyə quru qoşunlarının geniş miqyaslı yeridilməsi və əvvəllər girilməmiş bəzi ərazilərin hədəf alınacağı bildirilir.
Aytən Yaşar/ Turkustan.az