Si Kremldən şübhələndi - Tramp istəyinə çatır


G20 ölkələrinin xarici işlər nazirlərinin Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilən görüşündə Rusiya-Ukrayna müharibəsi əsas müzakirə mövzularından biri olub. “Röyters” agentliyinin məlumatına görə, Pekin ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini dayandırmaq məqsədilə irəli sürdüyü təşəbbüsü dəstəkləyib. Halbuki Avropa ölkələri Trampın təşəbbüslərini Avropa və Ukrayna üçün təhlükəli hesab edirlər. Buna baxmayaraq, Çinin xarici işlər naziri Van Yi Keyptaundakı çıxışında Rusiya-Ukrayna müharibəsinin dayandırılmasının vacibliyini bildirib. “ABŞ-la Rusiya arasında əldə olunan konsensusu dəstəkləyirik” deyən Van Yi bir müddət əvvəl Münhen Təhlükəsizlik Konfransında söylədiyi fikirləri burada da təkralayıb: “Danışıqlarda bütün maraqlı tərəflər iştirak etməlidirlər”.

Turkustan.az xəbər verir ki. bu barədə politoloq Elxan şahinoğlu bildirib.

“Beləliklə, Pekin ABŞ-Rusiya diplomatları arasında aparılan danışıqları diqqətlə izləyir. Pekin hansısa mərhələdə danışıqlarda iştirak etmək istəyir. Birincisi, Pekin ABŞ-la Rusiya arasında razılaşmanın Çinin maraqlarına cavab verməyəcəyindən narahat olduğuna görə prosesin içində olmaq istəyir. İkincisi, Çin müharibədən sonra Ukraynanın yenidən qurulmasında, tikinti və bərpa işlərində iştirakda maraqlıdır. Bununla Çin Ukraynada mövqelərini gücləndirməyə çalışacaq. Kiyev bunun əleyhinə deyil”, - politoloq vurğulayıb.

Onun fikrincə, hələ ki, Ukrayna ətrafında cərəyan edən proseslərdə və danışıqlarda Çinin iştirakından söhbət getmir:

“Pekin özü də hələ tələsmir. Çünki Çin hakimiyyəti Donald Trampın planının nədən ibarət olduğunu özü üçün tam müəyyənləşdirməyib. Tramp özü də Çinin bu proseslərə qarışmasını istəmir. Ağ Ev sahibinin Kremllə Ukrayna ilə bağlı razılaşma əldə etməsinin əsas məqsədlərindən biri Rusiya-Çin ittifaqını zəiflətməkdir. Pekin də bundan narahatdır. Rusiya Prezidenti Vladimir Putin Pekinin narahatlığını azaltmaq məqsədilə Səudiyyə Ərəbistanındakı danışıqlar barədə Çin lideri Si Szinpini telefonla məlumatlandırıb. Buna baxmayaraq, Si Szinpin gedişatdan narahatdır. ABŞ-ın CNN televiziya kanalı Trampın təşəbbüslərinin illərdir formalaşan Pekin-Moskva ittifaqına mənfi təsir edəcəyinə dair geniş reportaj yayımlayıb. Belə görünür ki, Pekinin Moskvanın siyasətindən şübhəsi yaranıb. Trampa da elə bu lazımdır”. /axar.az/


MANŞET XƏBƏRLƏRİ