İsrail ordusundan verilən yazılı açıqlamada dünən təhvil verildiyi açıqlanan 4 cəsəd arasında Şiri Bibasın cənazəsinin olmadığı bildirilib.
Turkustan.az xəbər verir ki, "Şəxsiyyətin müəyyənləşdirilməsi zamanı müəyyən edilib ki, daxil olan cəsədlərdən biri bizim vətəndaşımıza aid deyil. Bu, adı açıqlanmayan, şəxsiyyəti məlum olmayan meyitdir"- deyə, məlumatda deyilir.
“Biz HƏMAS-dan Şirini bütün əsirlərimizlə birlikdə öz evinə qaytarmasını tələb edirik”- deyə, İsrail tərəfi bəyanat yayıb.
Digər tərəfdən, İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-ın təhvil verdiyi cəsədlərdən birinin israilli məhbusa aid olmadığı iddiaları ilə bağlı video mesaj yayımlayıb.
Təslim edilən cənazənin Bibasa aid olmadığını iddia edən Netanyahu, HƏMAS-ın bir israilli məhbus yerinə qəzzalı qadının cəsədini göndərdiyini iddia edib.
Netanyahu bu hadisənin Qəzzada əldə olunan atəşkəs razılaşmasının "pozulması" olduğunu iddia edərək, "Həmas bunun əvəzini ödəyəcək" iddiasını irəli sürüb.
Aytən Yaşar/ Turkustan.az